Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə qarşı ictimaiyyət təmsilçilərinin kəskin münasibəti davam edir.
Bu məsələyə dair açıqlama verən Milli Məclisin deputatı, yazıçı-publisist İmamverdi İsmayılov qeyd edib ki, məlum qətnamə antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı növbəti siyasi avantürasıdır və mən onu qəti olaraq rədd edirəm:
«Azərbaycanın müstəqil siyasətini, özünəməxsus inkişaf modelini, xalqla hakimiyyət arasında mövcud olan sarsılmaz birliyi gözügötürməyən məlum qüvvələr mütəmadi olaraq təxribatçı fəaliyyətlə məşğul olurlar. Məlum xarici təsisatların mütəmadi olaraq yalan və böhtandan ibarət bəyanatları, dünya erməniliyi ilə əməkdaşlığı şübhə doğurmayan «ekspertlərin» bədnam açıqlamaları nəinki reallığı əks etdirir, tam olaraq Azərbaycana qənim kəsilmiş qüvvələrin sifarişlərini əks etdirir. Avropa Parlamentinin qətnaməsini də mən bu kampaniyanın tərkib hissəsi kimi qəbul edirəm. Ölkəmizə «demokratiya» dərsi keçməyə cəhd edənlər əslində, öz ölkələrində vətəndaşların azadlıqlarının və hüquqlarının qorunmasına çalışmalıdırlar».
Deputat İmamverdi İsmayılov bu antimilli aksiyalara qarşı ictimaiyyətin göstərdiyi kəskin münasibəti də razılıqla qarşılayıb:
«Bu mövzuda gedən müzakirələr Prezident İlham Əliyevin siyasi kursu ətrafında hamımızın sıx səfərbər olduğunu bir daha aydın nümayiş etdirdi. Azərbaycan Prezidenti müstəqillyimizin və inkişafımızın təminatçısıdır. Bu baxımdan, dövlət başçımıza dəstək, əslində müstəqilliymizə və inkişafımıza dəstək, etimaddır. Bir neçə gün öncə parlamentdə keçirilən müzakirələrdə də xalqımızın bu məsələlərlə bağlı mövqeyi ifadə edildi. Təəssüf ki, texniki problemlərdən və vaxt çatışmazlığından parlamentin iclasında fikrimi söyləyə bilmədim».