Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədovanın müsavat.coma verdiyi məlumata görə, iyulun 15-də oğluna hökm oxuna bilər:
"Göyçay rayon ağsaqqalları və mənim prezidentə etdiyimiz müraciətlərin nəticəsiz qalmayacağına, Talehin barəsində həbslə bağlı olmayan qərar veriləcəyinə ümid edirik. Taleh Xasməmmədov rayonda sadəliyi, insansevərliliyi və səmimiliyi ilə rayon sakinlərinin, rayon ziyalılarının daim hörmət qazanıb. Talehin azad olunması üçün rayon sakinlərindən ibarət 350 nəfər və 50 nəfər rayon ağsaqqallı, ziyalısı və öz adımdan prezident İlham Əliyevə mətbuat vasitəsi ilə bir daha müraciət ünvanlanmağı lazım bildik”.
Müraciətdə deyilir:
- Cənab Prezident İlham Əliyev!
- Taleh Xasməmmədov azadlıqda olan zaman qan xəstəliyindən və astma xəstəliyindən müalicə olunub. Taleh həbs olunduqdan sonra keçirdiyi stressdən, bir neçə aydır azyaşlı övladları ilə təmas qura bilməməsindən, həbsxana şəraitində saxnaıldığından xəstəliyi daha da ağırlaşıb. Bəzən onun xəstəliyi o həddə çatır ki, Talehi həbsxanada itirməkdən qorxuruq.
Cənab prezident! Çoxsaylı müraciətlərimizi, xəstəliyini və Talehin iki azyaşlı övladını nəzərə almanızı Sizdən bir daha rayon ictimaiyyəti adından, bir ana kimi öz adımdan xahiş edirəm; oğlum, Taleh Xasməmmədov barəsindəki əsası olmayan cinayət işinə xitam verilməsində, Talehin müqəddəs Ramazan Bayramı ərəfəsində azadlığına qovuşmasında, iki azyaşlı azərbaycanlı balasının sevinməsinə səlahiyyətinizdən istifadə edərək bizlərə yaxından köməklik edəsiniz.
Xatırladım ki, Taleh Xasməmmədova qarşı irəli sürülən ittiham CM- nin 221.2-ci maddəsinə aiddir ki, bu maddə nə cəmiyyətimiz, nə də dövlətçiliyimizə üçün heç bir təhlükə yaratmır . Ümid edirik ki, Taleh Xasməmmədov humanist addımınız sayəsində tezliklə ailəsinə və yaxınlarına qovuşacaq. Göyçay Rayon İctimaiyyəti və ailəmiz adından öncədən təşəkkür edirəm”.
Qeyd edək ki, T.Xasməmmədov sabiq vicdan məhbusudur. O, 2012-ci ildə prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb. Lakin 2015-ci ilin fervalında o, yenidən həbs edilib. T.Xasməmmədov bildirir ki, həbsi sırf ictimai fəaliyyətinə görədir, yerli məmurlar onu şərlədərək həbsinə nail olublar.