Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Avropa Oyunlarının açılış mərasimində iştirak edib.

Bu barədə mia.az-a açıqlama verən partiya sədri deyib ki, belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi qürurvericidir: «Açılış mərasimi çox gözəl təşkil olunmuşdu. Bütün xırda detalları göz oxşayırdı. Ən müsbət məqamlardan biri isə açılış mərasimində milli koloritin hiss olunması idi. Həqiqətən göründü ki, ciddi hazırlıq işləri gedib. Heydər Əliyev Fondunun prezidentin, birinci xanım Mehriban Əliyevanın çıxışı da təsirli oldu».

H.Hacıyev onu da bildirib ki, bəzi Avropa ölkələrində oyunlarda iştirak etmək üçün az idmançının gəlməsi mənfi haldır. Onun sözlərinə görə, bəzi Qərb dairələrinin ikili standartları özünü göstərdi: «Burada bizim naxələf müxalifət qüvvələrinin rolu az olmadı. Eyni zamanda, bəzi hökumət nümayəndələri öz üzlərini açdılar. Amma bütün bunları möhtəşəm tədbirə görə bağışlamaq olar. Bütün hallarda bu, Azərbaycanın uğurudur».