Azərbaycan cəmiyyətində, eləcə də bütün dünyada klassik
siyasət get-gedə nüfuzunu itirməkdədir. Hazırda, klassik siyasət demokratiyanın
imitasiyasına çevrilib və özünü doğrultmamaqdadır. Klassik siyasətə baxışda
dünyada baş verən tənəzzül Azərbaycanda daha dərin izlər buraxıb. Xalqla siyasətçilər
arasında dərin uçurum yaranıb. Insanların böyük bir qisminin siyasətə marağı
ölüb. Bir çoxları isə onu, haqlı olaraq fərdi siyasətçilərin maraqlarına xidmət
edən bir institut kimi görməyə başlayıb.
Siyasi qüvvələr gün-gündən sosial bazasını itirir, xalqın dəstəyindən məhrum
olur. Bu səbəbdən siyasətə yeni yanaşmanın ortaya qoyulmasına və xalqın
inamının bərpa edilməsinə ehtiyac var. Xalq və seçici özünü kənardan seyrçi
yox, taleyini müəyyən edən proseslərn iştirakçısı kimi görməlidir.
Cəmiyyətin yeni demokratiyaya ehtiyacı vardır.
İmitasiya olunmayan, demokratik ənənələrin formalaşdığı siyasi qüvvə xalq tərəfindən
dəstəklənəcək və cəmiyyətdə öz yerini tutacaq. Azərbaycanda müasir və sivil,
azad cəmiyyətin formalaşması üçün "Yeni Demokratiya” Hərəkatını yaratdığımızı bəyan
edirik. Yeni Demokratiya Hərəkatı üçün Azərbaycanın müstəqilliyi və ərazi
bütünlüyü toxunulmaz, azad və demokratik cəmiyyətin qurulması missiyadır. Azərbaycanın
gələcəyini Avropa ailəsinə tam inteqrasiyada görürük.
Yeni Demokratiya Hərəkatı hazırkı iqtidara müxalifətdə
olduğunu bəyan edir və ölkənin demokratikləşməsi üçün bütün səylərini səfərbər
edəcəkdir.
Yeni Demokratiya Hərəkatı gənclərin və klassik
siyasətin əsas düsturuna çevrilən "lider hər zaman haqlıdır” tezisini büt kimi
qəbul etməyən, həmfikirlərin birgə qurduğu və azad, demokratik cəmiyyət uğrunda
dönmədən mübarizə aparanların təşkilatı olacaq. Bəyan edirik ki, siyasi
strategiyanı təkcə siyasətçilər formalaşdırmamalıdır. Siyasi strategiyanı
siyasi qüvvənin arxasında duran xalq, onun üzvləri, tərəfdarları, sosial bazası
müəyyən etməlidir. Siyasi təşkilatın və siyasətçinin üzərinə düşən vəzifə bu
strategiyanın taktikaya çevrilməsi, xalqın iradəsinin hakimiyyətə daşınmasıdır.
Yeni demokratiya - imitasiya olunmayan demokratiyadır.
Yeni Demokratiya Hərəkatı açıq müzakirələr vasitəsilə xalqın iradəsinə
söykənən qərarların verilməsi ilə müxalifətin yeni imicini formalaşdırmaq üçün
də çalışacaq. Yeni demokratiya mövcud və klassik siyasətin inikası deyil,
aynası olacaqdır.
Hörmətlə,
Razi Nurullayev, "Yeni Demokratiya” Hərəkatı