ANS TV-nin məlumatına görə, Ədən şəhərində hökumət qüvvələrilə Husi üsyançları arasında yenidən qarşıdurmalar baş verib. Qarşıdurmalar nəticəsində hər iki tərəfin itkiləri olub. Paytaxt Sənanı üsyançılar zəbt etdikdən sonra rəhbərlik müvəqqəti olaraq ölkəni məhz Ədən şəhərindən idarə edir.
Səudiyyə Ərəbistanının rəhbərliyi altında yaradılan koalisiya qüvvələri Husilərə qarşı keçirilən əməliyyatlara havadan dəstək olur. Koalisiya qırıcıları ötən gün ölkənin cənubunda Husilərin mövqelərini bombalayıb. Aviazərbələr, eyni zamanda mülki yaşayış məntəqələrinə tuş gəlib.
Məlumata görə, Ədən şəhərində hökumət qüvvələri Husilərə hərbi təlimlər keçən iki iranlı dövlət rəsmisini saxlayıb.
Beynəlxalq ictimaiyyət Yəməndə Husilərin məhz İran tərəfindən silahlandırıldığını iddia etsə də, rəsmi Tehran bu ölkədə baş verən hadisələrə qarışmadığını açıqlayıb. Lakin Tehran hökuməti Husilərə qarşı keçirilən aviazərbələrə son qoymağı tələb edib.
Bu arada Qırmızı Xaç Cəmiyyəti paytaxt Sənaya ikinci humanitar yardım gətirib. Təyyarə ilə gətirilən humanitar yardımda əsasən, tibbi ləvazimatlar yer alır. Rəsmilər yardım sayəsində azı 3 min insana tibbi xidmət göstərə biləcəklərini deyib.