Azərbaycanda pul bazası 2015-ci ilin fevral ayında 12% azalaraq martın 1-nə 9 109,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"a verilən məlumata görə, cari ilin əvvəlindən pul bazası 21% və ya 2 440 mln. manat azalıb.

Qeyd edək ki, pul bazası dövriyyədə olan nağd pul və bankların sərbəst ehtiyatlarının cəmini əks etdirir. Əsas azalma dövriyyədə olan nağd pulda baş verib. Nağd pulun bir hissəsinin xarici valyutaya konvertasiyası yolu ilə dövriyyədən cıxarıldığı ehtimal olunur.

**** 

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il martın 1-nə 11 004,4 mln. ABŞ dolları təşkil edib.

AMB-dən "Report"a verilən məlumata görə, fevral ayı ərzində bu göstərici 13%, bu ilin əvvəlindən isə 20% və ya 2 750 mln. dollar azalıb.

Keçən ilin eyni dövrü ilə müqayisədə rəsmi valyuta ehtiyatlarının həcmində azalma 24% olub.

Qeyd edək ki, azalma tendensiyası dünya bazarında neftin qiymətinin düşməyə başladığı 2014-cü ilin iyul ayında başlayıb. İyulun sonunda maksimal həddinə - 15 193,4 mln. dollara çatan AMB-nin valyuta ehtiyatlarının həcmi son 7 ayda 27,6% azalıb.