Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi arasında 2014-cü ilin martında imzalanmış müvafiq Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin peşə reabilitasiyasına cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, martın
5-dən etibarən Bakının Nizami rayonundakı 6 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkmə
müddəti cari ilin ortalarında başa çatacaq 16 nəfər şəxs üçün peşə hazırlığı
kursuna başlanacaq. Cəzaçəkmə müəssisəsinin nəzdindəki peşə məktəbinin bazasında həmin məhbuslar iki
ay müddətində müvafiq peşə təlimi keçməklə,
mebel quraşdırıcısı peşəsinə yiyələnəcəklər. Cəzaçəkmə müəssisələrindən
azad olunduqdan sonra onların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının
təmin olunması üçün yaşadıqları ərazi üzrə məşğulluq orqanları tərəfindən müvafiq
işlər aparılacaq.
Qeyd olunan
Tədbirlər Planına əsasən, ötən il ayrı-ayrı penitensiar müəssisələrdə cəza
müddəti başa çatmaqda olan 230 nəfər şəxs, o cümlədən 32 nəfər məhbus qadın dərzi,
dülgər-xarrat, kompyuter istifadəçisi, kompyuter texnikasının təmiri,
bərbər-manikürçü və s. peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu
istiqamətdə işlər Azərbaycan Prezidentinin 2011-ci il 15 noyabr tarixli
Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət
Proqramı”na əsasən aparılır. Proqramda cəzaçəkmə müəssisələrində cəza çəkməkdən
azad ediləcək şəxslərin gələcək məşğulluqlarına köməklik məqsədilə onlar üçün
peşə hazırlığı kurslarının təşkil edilməsi də əksini tapıb.