Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən ötən ilin noyabr ayından ölkədə ilk dəfə təşkil olunan əməyin mühafizəsi üzrə tədris kurslarına indiyədək müxtəlif müəssisələr üzrə 221 nəfər mütəxəssis cəlb edilib.
Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində keçirilən məşğələlər zamanı əməyin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislərə əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı normativ-hüquqi aktlar, eləcə də istehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin profilaktikası barədə ətraflı məlumatlar verilib, onların bu sahədə bilik və bacarıqları artırılıb. Onlar həmçinin əmək qanunvericiliyinə dair əyani və metodiki vəsaitlərlə təmin olunublar. Kursları bitirən şəxslərə onlarla aparılmış müsahibənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar verilib.
Qeyd edək ki, Əmək Məcəlləsinin 219-cu maddəsinin
3-cü bəndini rəhbər tutaraq müəssisə, idarə və
təşkilatların rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin
mühafizəsi üzrə vaxtaşırı, ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə
onların bilikləri yoxlanılmalıdır.