BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dag Sigurdson BAMF-ın Bakıdakı ofisini
ziyarət edib.
BAMF-dan Mia.az-a daxil olan məlumata görə, qonağı BAMF-ın fəaliyyəti
ilə taniş edən təşkilatin sədri Umud Mirzəyev BAMF-ın qaçqın və məcburi
köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərdən danışıb.
O bildirib ki, hazırda Azərbaycanda məcburi köçkünlərin üzləşdiyi
problemlər xaricdəki məcburi köçkünlərin üzləşdiyi problemlərdən azdır. Bu da
onun nəticəsidir ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər
görülüb, əsaslı layihələr icra olunub.
Bundan başqa cənab Mirzəyev qeyd edib ki , BAMF UNHCR tərəfindən
yaradılmış Qaçqın və Məcburi Köçkünlərin İşləri ilə məşğul olan İşçi Qrupuna
daxildir. Bu qrupda BAMF öz dəstəyini məcburi köçkünlərin yaşayışı və
dolanışığına dair həyata keçirdiyi peşə təlimi və mikro-kredit proqramları
səviyyəsində nümayiş etdirir. Proqram çərçivəsində məcburi köçkünlərin
ehtiyaclarının ilkin qiymətləndirilməsi sayəsində, bacarıqarını inkişaf
etdirməyə ehtiyacı olan məcburi köçkünlər və onların bu bacarıqlarla təmin
olunacağı təqdirdə həyat şəraitlərini yaxşıya doğru dəyişə biləcək şəxslər BAMF
tərəfindən müəyyən olunur. Bu funksiyanı effektiv yerinə yetirmək üçün BAMF
daima qaçqın və sığınacaq axtaranlar, eləcə də qaçqın icmalarının problemləri
ilə məşğul olan İOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət
Komitəsi kimi müxtəlif strukturlarla görüşür. Daha sonra BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri BAMF-ın prioritet
beynəlxalq layihələrinin visual təqdimatı olub.
Təqdimatları və ümumilikdə BAMF-ın fəaliyyətini müsbət qiymətləndirən
nümayəndəliyinin rəhbəri Dag Sigurdson bildirib ki, Azərbaycan hökuməti Məcburi
Köçkün və Qaçqınların vəziyyətini yaxşılaşdırmaq üçün hər il çoxlu işlər görür.
Demək olarki hər il 400 – 500 milyon manat vəsait xərcləyir: "Sizin nəzərinizə
çatdırım ki, təkcə BMT QAK-ın Avropa ölkələri üzrə regional nümayəndəliyinin
illik büdcəsi 100-144 milyon avrodur. İndi siz müqayisə eləsəniz, görərsiniz
ki, Azərbaycan höküməti qaçqınlar və məcburi köçkünlər üçün nə qədər böyük
işlər görür.”
Baş tutan görüşdən məmnunluğunu bildirən BAMF sədri Umud Mirzəyev isə bir daha bəyan edib ki, rəhbərlik etdiyi təşkilat qaçqın və sığınacaq axtaranlara dair problemlərin qabardılması, yaxud təbliğində medianın rolunu və mühümlüyünü qiymətləndirməkdə davam edir. Mediadan bütün səviyyələrdə səmərəli istifadə etməklə qaçqın və məcburi köçkünlərə təsir edəcək qərarların qəbuluna cəlb olunmuş maraqlı tərəflərin, həmin kateqoriyadan olan insanların vəziyyəti barədə müvafiq məlumatlılığı təmin etmək BAMF-ın strategiyası olaraq qalacaq.