Öncə, son günlər bəzi hüquqşünas
dostlarımızın dollarla olan kreditin geri qaytarılmasına dair şərhlərinə
aydınlıq gətirək. Onların istinad etdiyi
Mülki Məcəlləninin 439.7-ci maddəsində göstərilir ki, əgər ödəniş müddəti
çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə,
borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir.
Təəssüf ki, hüquqşünaslarımız məhz bu
maddənin təsvirində yalnışlığa yol
verirlər. Baxmayaraq ki, orda aydın şəkildə
yazılıb ki, valyuta ilə ödəniş edilərkən öhdəlik əmələ gəldiyi tarixə, yəni
Mərkəzi Bankın faizlər və əsas
borc ödənilən günə olan
rəsmi məzənnəsi ilə həyata keçirilməlidir. Bu isə o deməkdir ki,
dollarla krediti olanlar borca və faizə görə öhdəliklərini yerinə yetirərkən
yeni məzənnə ilə ödəniş aparmalıdırlar. Odur ki, bu maddəni kənara qoyaq, o işə
yaramır.
İqtisadi məntiqə görə, dollarla olan kredit probleminin həllində banklar da maraqli olmalıdırlar, çünki, yüksək faizlərlə verdikləri kreditə yeni məzənnə fərqindən yaranmış xərcləri də əlavə etdikdə əksər müştərilər banklar qarşısında öz öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirə bilməyəcəklər, bu isə vaxtı keçmiş borcların artmasına və öz növbəsində bankların da maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Fikrimizcə, dollarla kredit götürənlər qarşılaşdığı problemlərini həll etmək üçün hazırkı situasiyada Mülki Məcəllənin başqa maddəsinə və eyni zamanda da müqavilə bəndlərinə istinad edərək dərhal banka ərizə ilə müraciət etməlidirlər. Çünki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Eyni zamanda mənim tanış olduğun bəzi kredit müqavilələrində göstərilir ki, fors-major halı kimi qiymətləndirilən dəyişiklik baş verəndə tərəflər baş verən dəyişikliyi müzakirə edə bilərlər və bunun üçün də tərəflərdən birinin məsələ ilə bağlı dərhal yazılı müraciəti olmaldır. Odur ki, dollarla kredit götürənlərə tövsiyəm odur ki, öz banklarına müqavilənin şərtlərinə yenidən baxılmasına dair yazılı müraciət etsinlər və inanıram ki, banklar hazırkı situasiyada optimal qərarlar verməkdə maraqlı ola və tərəflər müqaviləni dəyişmiş şəraitə uyğunlaşdıra bilərlər.
Eyni zamanda fürsətdən istifadə edib, manatla əmanəti olanlara da tövsiyə etmək istəyirəm ki, onlar da yuxarındakı maddələlərə və imzaladıqları müqavilədə göstərilən fors-major halına istinad edərək banka yazılı müraciət göndərsinlər və manatla olan depozitlərin faiz dərəcəsini artırmağı qarşı tərəfdən xahiş etsinlər. İndiki situasiyada kommersiya bankları da manatla əmanətlərin faiz dərəcələrinin artırılmasında maraqlı olmalıdırlar. Əks təqdirdə onlar manat çatışmazlığı üzləşərək, normal fəaliyyət göstərə bilməyəcəklər. Eyni zamanda manatla olan əmanətlərin həcmində kəskin azalma müşahidə olunacaq və manata olan etibar ciddi şəkildə aşağı düşəcək.
Odur ki, ilk növbədə banklara üz
tutmaq və yazılı müraciətlə
narahatçılığı ifadə etmək lazımdır. Banklar müştərilərə dəymiş ziyanın bir hissəsini
kompensasiya etmək üçün kütləvi daxil
olan müraciətlərə adekvat reaksiya vermək
məcburiyyətindədirlər. Çünki, bu onların da marağındadır.
Mia.az