Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
BAXCP İdarə Heyəti ictimai-siyasi vəziyyətlə bağlı məsələnin
müzakirəsi çərçivəsində Danimarkanın paytaxtında həyata keçirilən son terror
aksiyalarına da münasibət bildirib. Qeyd olunub ki, İslam peyğəmbərinin
karikaturasını çəkən və yayımlayan, bununla da yüz milyonlarla insanın
heysiyyatına toxunan şəxslərin hərəkətləri nə qədər lənətlənməlidirsə, terror
aksiyalarını həyata keçirənlərin əməlləri bundan daha çox lənətlənməlidir.
BAXCP İdarə Heyətinin iclasında qeyd olunub ki, İslamın müqəddəs
dəyərlərinin, müqəddəs Qurani Kərimin ayələrinin terroru öz cinayətkar
əməllərinin gerçəkləşdirilməsi üçün vasitə seçən bəzi dini-ekstrimist qruplar
tərəfindən yanlış təfsir olunması, siyasi motivli ekstrimist dini
ideologiyaların təbliği ilk növbədə İslam dininə tapınan xalqları təhlükə
qarşısında qoyur, sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə yol açır.
BAXCP İdarə Heyəti hesab edir ki, bu kimi halların aradan
qaldırılması üçün İslam dininin təşəkkül tapdığı bütün ölkələrin aparıcı
məzhəblərini təmsil edən ilahiyyatçı alimlərin iştirakı ilə müsəlmanlar üçün
müqəddəs sayılan Məkkə şəhərində daimi fəaliyyət göstərən ali dini qurum
yaradılmalı, dini maarrifçilik işi gücləndirilməli, radikal ekstrimist
qrupların İslam dininin yüksək mənəvi dəyərlərindən sui-istifadə etmələrinə yol
verilməməlidir.
BAXCP İdarə Heyəti Azərbaycan hökumətini İslam Konfransı Təşkilatanın
zirvə toplantısı çərçivəsində belə bir təşəbbüslə çıxış etməyə çığırıb: "Nüfuzlu
İslam alimləri tərəfindən müqəddəs kitabımız olan Qurani-Kərimin ayələrinin
düzgün təfsir olunması və təbliği radikal ekstrimist qrupların bu sahədəki
məqsədyönlü fəaliyyətlərini məhdudlaşdıra, İslam xalqları və dövlətləri
arasında mənəvi bağları möhkəmləndirə, İslamın gerçək mahiyyətindən doğan
həmrəylik və humanizm prinsiplərinin təşəkkül tapmasına yol aça bilər”.