Azərbaycan
Respublikasının Rumıniyadakı Səfirliyinin və Heydər Əliyev Fondunun Rumıniya
nümayəndəliyinin birgə təşkilatçılığı ilə 12 fevral 2015-ci il tarixində Rumıniyanın
Milli Olimpiya Komitəsində "Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı təqdimat mərasimi
keçirilib.
Azərbaycanın Rumıniyadakı səfirliyindən Mia.az-a daxil olan məlumata görə, mərasimdə Rumıniyanın idman federasiyalarının rəhbərləri, ilk Avropa Oyunlarında iştirak edəcək rumın idmançıları, ziyalılar, rəsmi şəxslər, ölkənin qabaqcıl turizm şirkətlərinin rəhbərləri, dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, burada yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev çıxış
edərək bu tədbirin ilk Avropa Oyunları barədə məlumatın rumın ictimaiyyətinə
çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. İ.Hacıyev Azərbaycan
Prezidenti İlham Əliyevin və birinci xanım, Avropa Oyunları Təşkilat Komitəsinin
sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yarışların yüksək
səviyyədə keçirilməsinə göstərdikləri dəstəyi xüsusilə vurğulayıb. Direktor
yarışların keçirilməsi üçün yeni tikilən və bərpa olunan idman kompleksləri barədə
interaktiv şəkildə məlumat verib. O, həmçinin idmançılar üçün yaradılmış şərait,
Olimpiya şəhərciyi, Bakının gözəlliyi, İçərişəhər, Dənizkənarı park, Heydər
Əliyev Beynəlxalq Hava Limanı, KİV-lər üçün nəzərdə tutulmuş media mərkəzindən
bəhs edib.
Daha sonra ilk Avropa Oyunlarına hazırlıq işləri barədə film nümayiş etdirilib.
Rumıniya Milli Olimpiya Komitəsinin sədri Alin Petrake, Rumıniyanın gənclər və
idman naziri, Olimpiya çempionu xanım Qabriela Szabo tədbirdə çıxış edərək təşkilatçılara
Rumıniyada humanitar, sosial, idman sahələrində ölkələrimiz arasında əlaqələrin
möhkəmləndirilməsi istiqamətində apardığı fəaliyyətin yüksək qiymətləndirildiyini
vurğulayıblar. "Bakı-2015” ilk Avropa Oyunlarının gənc idmançıların öz güclərini
sınamaları üçün gözəl fürsət olduğunu qeyd edərək Azərbaycan dövlətinin idmanın
inkişafına göstərdiyi diqqət və qayğını, sağlam cəmiyyətin qurulması istiqamətində
nailiyyətləri yüksək qiymətləndirib.
Azərbaycanın
Rumıniyadakı səfiri Fərid Abdinbəyov ilk Avropa Oyunlarının əhəmiyyətindən bəhs
etmiş və Bakının bu kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi
baxımından daha böyük təcrübə qazanması istiqamətində mühüm tədbir olacağını
deyib. Diplomat Azərbaycanın Avropa və dünya miqyaslı yarışları ən yüksək səviyyədə
təşkil etdiyini və bunun beynəlxalq idman ictimaiyyəti tərəfindən təqdirlə
qarşılandığını vurğulayıb. F.Abdinbəyov Azərbaycanda Olimpiya komplekslərinin
yaradılması, ölkədə gənclərin idmana marağının artması, dövlətin gənclərə diqqət
və qayğı göstərməsi barədə məlumat verib.
Azərbaycan
Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin müdiri Könül
Nurullayeva isə tədbir iştirakçılarına Avropa Oyunlarının yaranması, mahiyyəti,
məqsədi, burada təmsil olunan idman növlərinin sayı barədə məlumat verib. O, bu
Oyunların keçirilməsi üçün məhz Bakı şəhərinin seçilməsinin səbəbləri barədə
danışıb, Azərbaycanın hər zaman bu cür yüksək səviyyəli tədbirlər keçirməyə
hazır olduğunu vurğulayıb.
Sonda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Patrik Hikki ilk Avropa Oyunlarının təqdimatı ilə bağlı Rumıniyada keçirilən tədbiri yüksək qiymətləndirib. O, "Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar yaradılan Təşkilat Komitəsinə, aparılan yüksək səviyyəli işlərə görə təşəkkürünü bildirib.
P.Hikki qeyd edib ki, adətən Olimpiya Oyunlarına hazırlıq 7 il çəkir, amma Azərbaycan
3 ildən az bir vaxtda bu işin öhdəsindən gəldi. O, Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi, birinci xanım, Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban Əliyevanın dəstəyi ilə əldə olunan nailiyyətləri xüsusilə vurğulayıb.
P.Hikki Avropa Oyunlarında iştirak edəcək idmançılara, eləcə də rumın
idmançılarına uğurlar arzulayıb.
Təqdimat mərasimindən sonra Rumıniya
Milli Olimpiya Komitəsində ziyafət verilib. Tədbir Rumıniya KİV-lərində, eləcə
də TVR1 televiziya kanalında, Agerpres milli xəbər agentliyinin video
portalında işıqlandırılıb.
Mia.az