Müsavat
Partiyasının parçalanmaq təhlükəsi ilə üz-üzə qalması AXCP-ni müxalifətin əsas
güc mərkəzinə, Əli Kərimlini isə əks düşərgənin liderinə çevirib. Müsavat
başqanlığına sabiq namizəd, tanınmış iqtisadçı-alim Qubad İbadoğlunun partiya
sıralarından xaric edilməsindən sonra başlayan istefalar əsası Məhəmməd Əmin Rəsulzadə
tərəfindən qoyulmuş bu siyasi təşkilatın "ana müxalifət” statusunu qorumasını
qeyri-mümkün edib. Müsavat Partiyasının tezliklə iki yerə parçalanacağına və
konstruktiv siyasət yürüdən kiçik müxalif təşkilatlarla bir sırada dayanacağına
indi heç bir şübhə yoxdur.
Aldığımız məlumata görə, hadisələrin onların marağına uyğun inkişaf etməsi Müsavat Partiyasının əsas rəqibi hesab olunan AXCP düşərgəsində xoş ovqat yaradıb.
AXCP funksionerlərindən biri Mia.az-a deyib ki, partiya rəhbərliyi yaranmış əlverişli fürsəti əldən vermək niyyətində deyil. Onun sözlərinə görə, narazı müsavatçıları AXCP sıralarına cəlb etmək üçün yollar axtarılır.
Mənbə deyib ki, partiya rəhbərliyi təkcə Müsavatdan xaric edilmiş şəxsləri deyil, həmçinin indiki başqan Arif Hacılının yürütdüyü siyasətdən narazı olan funksionerləri də AXCP düşərgəsinə qatmaq istəyir.
Məlumatlı şəxs AXCP sədri Əli Kərimlinin narazı müsavatçılarla danışıqlara başladığını deyib. Qeyd edib ki, AXCP sədri başda Qubad İbadoğlu olmaqla, Müsavat Partiyasından xaric olunmuş funksionerlərin hamısı ilə əlaqə yarada bilib. Mənbənin dediyinə görə, Əli Kərimli keçmiş müsavatçıların hamısına AXCP-də vəzifə təklif edib: "AXCP Rəyasət Heyətində aparılan müzakirələrdən sonra Qubad İbadoğluna Ali Məclisin sədri postu təklif olunub. Vurğun Əyyuba isə Müsavat Partiyasından istefa verib AXCP-yə qoşulacağı təqdirdə, birinci müavin postu vəd edilib. Hikmət Hacızadə və Adil Qeybulla isə siyasi fəaliyyətlətini AXCP-də davam etdirəcəkləri təqdirdə, AXCP sədrinin müavini vəzifəsinə təyin olunacaqlar. Müsavat Partiyasının Qadınlar Şurasının sədri Ellada Məmmədli isə AXCP sıralarına qoşularsa, Ali Məclis sədrinin birinci müavini kimi fəaliyyət göstərə bilər. Həmçinin ikinci eşelonda təmsil olunan müsavatçılara da öz ranqlarına uyğun postlar təklif olunub”.
Mənbə Qubad
İbadoğlunun və tərəfdarlarının bu təkliflərə sıcaq yanaşmadıqlarını bildirib.
Onun sözlərinə görə, Qubad İbadoğlu Əli Kərimliyə özünün təşkilatını yaratmaq
niyyətində olduğunu deyib. Qubad bəy yalnız Azərbaycan Demokratiya və Rifah
Uğrunda Hərəkatı (ADR) təsis etdikdən sonra bu barədə müzakirələrə başlaya biləcəyini
vurğulayıb.
Mia.az