Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) "Təhlükəsiz iş ongünlüyü” çərçivəsində aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə bir sıra tikinti sahələrində əmək qanunvericiliyinə əməl olunması, o cümlədən əməyin mühafizəsi vəziyyətinin yerindəcə araşdırılması üçün dövlət nəzarəti tədbirləri həyata keçirib.
Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, dövlət
nəzarəti tədbirləri zamanı fiziki şəxs İmanov Fədai Ərzuman oğluna məxsus müəssisə
tərəfindən Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsi, 48 ünvanında inşa olunan
2 bloklu, 9 mərtəbəli yaşayış binasının tikintisində əməyin mühafizəsi və
texniki təhlükəsizlik norma və standartlarının ciddi şəkildə pozulduğu, iş şəraitinin
işçilərin həyat və sağlamlığı üçün təhlükə doğurduğu, bədbəxt hadisələrin baş
vermə riskinin qarşısının alınması üçün heç bir profilaktik tədbirlərin görülmədiyi
məlum olub. Həmçinin, işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə
tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin
olunmadığı aşkar edilib. DƏMX tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
müvafiq maddəsinə uyğun olaraq həmin müəssisədə işlər burada aşkar olunan
nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Bununla əlaqədar qeyd olunan
tikinti obyektinin sahibinə aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün
icrası məcburi olan göstərişlər verilməklə, müvafiq qaydada protokol tərtib
olunub.
Eyni zamanda
Gəncə şəhər sakini, fiziki şəxs Həsənov İsmət Anar oğluna məxsus olan, Samux
rayonunun Sarıqamış kəndində, Bozdağ yaşayış massivində yerləşən fermer təsərrüfatı
ərazisindəki tikinti obyektində də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının
ciddi şəkildə pozulduğu, iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün təhlükə
doğurduğu aşkar edilib. Müəssisədə işlər aşkar olunan nöqsanlar aradan
qaldırılanadək dayandırılıb. Habelə müəssisədə çalışan işçilər tərəfindən DƏMX-ə
ünvanlanmış, əmək hüquqlarının təmin olunmamasına dair şikayət xarakterli müraciətlərin
araşdırılmasına başlanılıb.
Xatırladaq
ki, DƏMX tərəfindən "Təhlükəsiz iş ongünlüyü”nün elan edilməsi iş yerlərində əməyin
mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunması sahəsində hələ də
mövcud olan nöqsanların aradan qaldırılmasına, işəgötürənlərin, ümumən cəmiyyətin
bu sahəyə diqqətinin artırılmasına yönəlib. Tədbir çərçivəsində paytaxtda və
respublikanın bölgələrində "Açıq qapı” günü formasında işəgötürənlərin əməyin
mühafizəsi üzrə norma və standartlar barədə ətraflı məlumatlandırılması işləri
də aparılır.