2015-ci ildə "Synergy Group" ASC kənd təsərrüfatı
sahəsində biznes fəaliyyətini genişləndirməyi planlaşdırır. 2015-ci ilin
"Kənd təsərrüfatı ili" elan edilməsi bu sahəyə xüsusi diqqətin yönəldiləcəyi
barədə xəbər verir. Ölkənin kənd təsərrüfatı sahəsində böyük investisiya
potensialı mövcuddur. "Synergy Group" bu sahədə bir sıra cəlbedici
biznes təkliflərin üzərində araşdırmalar aparır.
ASC-dən Mia.az-a verilən məlumata görə, kənd təsərrüfatında
mövcud şirkətlərin fəaliyyətinin genişləndirilməsi üzərində ciddi işlər
aparılır. Qrupun üzvü olan "AzAqro" MMC Azərbaycanda müasir texnologiya ilə mərkəzləşdirilmiş
kompüter bazasında istixana şəraitində qızılgül istehsalında innovativ üsulları
tətbiq edir. 2013-cü ildən etibarən "AzAqro" MMC öz məhsullarını
"Sbuket" brendi ilə ölkə üzrə gül dükanlarına çatdırır. Yerli bazarın
tələbatını ödəməklə yanaşı öz məhsullarını Gürcüstana da ixrac edən şirkətin
xaricdə yeni satış bazarlarının axtarılması üzərində işlər aparılır.
Həmçinin "Synergy Group"un üzvü olan "Caspian
Coast Winery & Vineyards" MMC ölkəmizdə üzümçülük ənənələrinin bərpası
məqsədilə mühüm yatırım nümunəsidir. Qrup Siyəzən Şərab zavodunda yenidənqurma
işlərini aparmış və beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil etmişdir.
Daxili bazarla yanaşı Rusiya bazarına da ixrac olunan "Caspian Coast
Winery & Vineyards" məhsullarının xaricdə yeni satış bazarlarının müəyyən
olunması istiqamətində ciddi işlər aparılır.