Ötən şənbə günü İranlı Mühacirlər
Cəmiyyətində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş mərasim
keçirilib. Tədbirdə öncə yanvar şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla
yad edilib.
Mərasimi giriş sözü ilə açan cəmiyyətin
sədri Rəhim Hüseynzadə şəhadət ifadəsinin mahiyyətinə diqqəti çəkərək
Azərbaycan xalqının həmin gecə tarixin yaddaşına şanlı səhifələr yazdığını dilə
gətirib: "20 Yanvar bu ölkədə yaşayan, onun diqqət və qayğısı ilə əhatə olunan
hər bir şəxs üçün imtahan idi. Mübariz Azərbaycan xalqı bu sınaqdan alnıaçıq,
üzüağ çıxdı. Bakının küçə və meydanlarına axışan möhtəşəm izdiham Ermənistanın
işğalçılıq hərəkətlərinə son qoymağı tələb edərkən xəyalına belə gətirmirdi ki,
əslində bu təcavüzə göz yuman da, elə ssenarisini hazırlayan da Qorbaçov
rejimidir. Bu rejim xalqlar arasında on illər boyu mövcud olmuş əminamanlığı
bərpa etmək əvəzinə Qazaxıstan, Gürcüstan və Özbəkistandakı kimi Azərbaycanda
da qanlı əməllərini realllaşdırmaq niyyətindədir.”
Məruzəçi bildirib ki, qanlı yanvar
Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi. Bakıda yaşayan minlərlə
iranlı mühacir də doğma bacı və qardaşlarının hərəkatına biganə qalmadı. Indi
onlardan birinin - Saleh Əliqulu oğlu Poladinin məzarı Şəhidlər Xiyabanında
ziyarət edilməkdədir.
Azərbaycan Dövlət Tibb Universitetinin
professoru Ədilə Çernikbülənd həmin gecənin canlı şahidi kimi gördüklərindən
söhbət açdı. Tibb işçilərinin səhərədək gülləyə tuş gələn insanların həyatını
xilas etmək üçün necə canfəşanlıq göstərdiklərindən, özləri də hədəf
götürüldüklərindən danışıb. Tanınmış sənətkar Həsən Cəbrayılov Az.TV-də enerji
blokunun necə partladılması barədə təsəvvürlər yaradıb. Gördükləri və
eşitdiklərindən bəhs edən 200 dəqiqəlik lent hasilə gətirdiyini deyib. Müəllim
Məhəmməd Haqverdiyev şəhid olan iki şagirdindən bəhs edib. Azərbaycan Yazıçılar
Birliyinin üzvləri Şövkət İmani, Səyyad Dasi və Tariyel Ümid qanlı yanvarla
bağlı qələmə aldıqları şeir və nəsr əsərlərinin məzmunu barədə məlumat
veriblər. Pirşağı qəsəbə məktəbinin müəllimi Məhbub İmami Xocalı faciəsinin bu
qətlamın davamı kimi qiymətləndirib. Üç nəfər ailə üzvünün necə qəhrəmanlıqla
həlak olduqları barədə söhbət açıb.
Tədbirdə mühacirlərdən Əhməd Əlayi, Məhəmməd Müqəddəm və Pərviz Əsədi də duyğularını dilə gətiriblər.
Sonda İranlı Mühacirlər Cəmiyyətinin 20 yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyannaməsi qəbul olunub.
Sənəddə bu qətlam bəşəriyyətə qarşı cinayət kimi
qiymətləndirilir, onu törədənlərin layiqli cəzalarına catacaqlarına əminlik
bildirilir, 20 yanvar Azərbaycanı yenidən istiqlaliyyətə qovuşduran yolun ilk
şəhidlik zirvəsi adlandırılır, İranlı Mühacirlərin bu müstəqilliyini
qorunmasında bütün imtəhanlara hazır olduqları deyilir.