Danimarkanın paytaxtı Kopenhagendə fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar şəhidlərinin anım günü keçirilib.
Mia.az-a
verilən məlumata görə, Vətən Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən anım
günü Azərbaycan himnin oxunması ilə başlayıb. Daha sonra 20 Yanvar şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi açıb. O, bildirib ki, xalqımızın tarixinə qanlı və şanlı səhifə kimi yazılan 20 Yanvar faciəsinin 25-ci ildönümü dövlət səviyyəsində ölkəmizdə olduğu kimi, dünyanın bir çox ölkələrində Azərbaycan diasporu və səfirlikləri tərəfindən də keçirilir.
Cəmiyyətin idarə heyəti üzvlərindən Zaur bəy, Fərqanə xanım və Tamilla xanım şahidi olduqları hadisələrdən danışıblar. Elşən bəy də 20 Yanvardan sonra baş verən hadisələrdən və öz xatirələrindən söhbət açıb. Daha sonra o, şəhidlərə həsr olunmuş şeirlər oxuyub.
Cəmiyyətin aktiv
üzvlərindən Bəhram bəy isə azadlıq uğrunda şəhid olmuş həmvətənlərimizə həsr etdiyi şeiri
səsləndiriib.
Bundan sonra 20 Yanvar hadisələri haqqında çəkilmiş sənədli filmlər nümayiş etdirilib.
Sonda isə iştirakçı və qonaqlara
20 Yanvar hadisələrinə aid kitab və digər təbliiğat materialları
paylanılıb.
Mia.az