Bu gün Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə sabiq deputat Gültəkin Hacıbəylinin işi üzrə məhkəmə prosesinin növbəti iclası olub.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə Gültəkin Hacıbəylinin keçmiş əri Mahmud Mehdiyev və onun bacısı Aynur Mehdiyeva ittiham çıxışı ediblər.
Mahmud Mehdiyev G.Hacıbəylinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Aynur Mehdiyeva isə keçmiş gəlinlərini Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək 3 il 6 ay müddətində azadlıqdan məhrum olunmasını xahiş edib.
Növbəti məhkəmə prosesi yanvarın 19-na təyin edilib.
Qeyd edək ki, Mahmud Mehdiyev və Aynur Mehdiyeva məhkəməyə müraciət edərək G.Hacıbəylinin xüsusi ittiham qaydasında - CM-in 147-ci maddəsinə (bu maddə şəxsin şərəf və ləyaqətini KİV-də ləkələyən yalan məlumatların yayılmasına görə cəza verilməsini nəzərdə tutur) əsasən cəzalandırılmasını istəyiblər.