"Neftin ucuzlaşmasından yaranan büdcə kəsirlərini kompensasiya etməyin yeganə çıxış yolu tənzimələn qiymətləri artırmaqdır. Ona görə də benzinin qiyməti bahalaşdırıldı”.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Qadir İbrahimli benzinin qiymətinin qalxması haqda danışarkən bildirdi. Onun sözlərinə görə, Azərbaycanda benzinin bahalaşacağı əvvəldən gözlənilən idi:

"Bundan sonrakı bahalaşmalara da hazır olmaq lazımdır. Çox güman ki, kommunal xərclər də bahalaşacaq. Qaz, işıq və ərzağın qiymətində nisbi də olsa, artım olacağı gözlənilir. Çünki iqtisadiyyat neftdən asılıdır və benzinin bahalaşması digər sahələrə də birmənalı təsir edir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Tarif Şurasının iclasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti 2 qəpik bahalaşıb. Bahalaşmadan sonra Aİ 92 72 qəpiyə, dizel yanacağı isə 62 qəpiyə olub.