"Klassik Xalq Cəbhəsi Partiyası olaraq 2015-ci ildə keçiriləcək parlament seçkisində niyyətimiz təkbaşına iştirak etməkdir”.

Bunu AzNews.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu bildirib. Onun sözlərinə görə, müxalifətin parlament seçkilərində birgə iştirakı məsələsi həllini taparsa, gələcəkdə həmin vəziyyətlə bağlı partiya yenidən müzakirə apara bilər: "Bu mövqe Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin dekabrın 28-də keçirilən sessiyasında nümayiş olundu. Düzdür, bu, hələ qərar şəklinə salınmayıb. Hələlik yeganə qərarımız 2015-ci il parlament seçkilərində iştirakımızdır”.

X.Teyyublu əlavə edib ki, KXCP 2010-cu ildə partiya olaraq parlament seçkisinə tək başına qatılıb: "Niyyətimiz 125 dairənin hər birindən namizədlərimizi irəli sürməkdir. Bu il həm də partiyanın 3-cü qurultayının çağırılması haqqında qərarı var. 2015-ci ildə həm yerlərdə qurultaya hazırlıq prosesini aparacağıq, həm də partiyanın rayon şöbələrində konfranslar keçirəcəyik”.

Sədr müavini KXCP-nin eyni zamanda müxalifətin birliyi olan Demokratiya və Huquq Mərkəzində təmsil olunduğunu da vurğulayıb: "2015-ci il parlament seçkisində hamı bir yerdə 125 dairə üzrə daha mükəmməl şəkildə, güclü namizədlərlə xalq hərəkatına çevriləcək proses aparsa, bu, daha yaxşı olar”.