Masallı rayonu, Ərkivan kəndindən bələdiyyə seçkilərinə namizədlər seçki prosesinin saxtakarlıqla keçməsi barədə redaksiyamıza şikayət ediblər. Şikayətçilər 71 saylı Dairə Seçki Komissiyasından 1, 2, 3, 4, 5, 6, 37 və 38 saylı seçki məntəqələrində videolentə aldıqları seçki saxtakarlıqları ilə bağlı faktlarla MSK-ya müracət etdiklərini bildiriblər. Onlar həmin faktları "Yeni Müsavat”a da təqdim ediblər.
"Yeni Müsavat”a danışan namizəd İldırım Nəzərov iddia edib ki, 23 dekabr tarixindən bir gün əvvəl rayon icra hakimiyyəti bütün məntəqə sədrlərinə 13 nəfərdən ibarət siyahı verib. İldırım Nəzərov bu siyahını DSK-da olan tanışları vasitəsilə əldə etdiyini və seçki qutusundan çıxan bütün bülletenlərdə həmin adların qeyd olunduğunu deyib: "Dekabrın 23-də seçkilərə 5-6 saat qalmış prezidentin və MSK sədri Məzahir Pənahovun elektron poçtuna saxtakarlıqla bağlı məktub göndərdim ki, 71 saylı seçki dairəsindən icra hakiminin verdiyi siyahıda olan 13 namizəd saxtakarlıqla seçiləcək. Açıq-aşkar seçki qanunvericiliyi tapdalandı. Təsəvvür edin, məntəqə sədri ağa kimi ortalarda gəzir, məktəbin müəllimi əyləşib sədrin yerində bülletenləri imzalayır, səliqəli bükür və sədrin qardaşı oğluna verir. O da bülletenləri qutulara salır. Bir neçə dəqiqə içərisində 200-dən çox bülleten bu formada saxtalaşdırılır”.
Ərkivan kənd bələdiyyəsinə digər bir namizəd Nofəl Cahangirov deyir ki, seçki zamanı təsadüfən DSK Hikmət Xanməmmədovun stolunun üstündə öz adıyla yanaşı 4 namizədin adlarından ibarət siyahı görüb. Sədrdən bunun nə olduğunu soruşarkən bildiriblər ki, bu qeydə alınmışların siyahısıdır.
Nofəl Cahangirov iddia edir ki, namizədliyini irəli sürdüyü kənddə bir sıra xeyirxah işlər gördüyündən insanların ona inamı böyükdür və yuxarılar onun seçiləcəyindən ehtiyat edirlər və adını bu siyahıya salıblar.
Ərkivan kənd bələdiyyəsi üzrə seçimləri zaman yaşanan saxtakarlıqları və namizədlərin çıxışlarını təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Məğrur Salmanov