Avropa Şurası və Aİ-nin Komissiyası altı "Şərq tərəfdaşlığı” ölkəsində insan hüquqlarının, demokratiya və qanunun aliliyinin inkişaf etdirilməsinə yardıma yönəldilmiş əməkdaşlıq haqqında yeni saziş imzalayıblar.
"Turan"ın xəbərinə görə, Avropa Şurasının məlumatında deyilir ki, saziş 2015-2017-ci illərdə "Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada birgə proqramların maliyyələşdirilməsinə 33,8 mln. avro ayrılmasını nəzərdə tutur.
Saziş dekabrın 18-də Brüsseldə Avropa Şurası baş katibinin müavini Qabriella Battaina-Draqoni və Avropa Komissiyasının qonşuluq məsələləri üzrə direktorluğunun rəhbəri Mikael Köhler tərəfindən imzalanıb.
Qeyd edək ki, Avropa İttifaqının Azərbaycanda qrant layihələrinin həyata keçirilməsi QHT-lər haqqında qanunlara düzəlişlərin qəbulundan sonra, demək olar ki, qeyri-mümkün olub. Bu səbəbdən Azərbaycanın vətəndaş cəmiyyəti bu layihədən istifadə edə bilməyəcək.