Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət olunacaq.

Bunu apa-ya Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib. Ə.Cəfərov deyib ki, bu gün artıq Bakıda yeni və müasir tələbələrə cavab verən avtobuslar istismara verilib: "Bu maşınların hər biri böyük vəsait hesabına alınan nəqliyyat vasitələridir. Yəqin ki, 20 qəpik gediş haqqı bu gün özünü doğrultmayacaq”.

Xatırladaq ki, bu gün gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakıya gətirilən yeni avtobuslar sərnişinlərin xidmətinə verilib.

Artıq 25 ədəd Türkiyə istehsalı olan "İsuzu” markalı avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan "Azneft” meydanı istiqamətində) hərəkət edirlər.

Digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq.

Qeyd edək ki, müasir standartlara cavab verən nəqliyyat vasitələri 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.

Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur.