2014-cü ilin 12 dekabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anma mərasimi keçirilib.

Səfirlikdən Mia.az-a göndərilən xəbərdə bildirilib ki, anım mərasimində Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Azərbaycan Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin, Qara Dəniz-Xəzər Dənizi Tərəfdaşlığı və Əməkdaşlığı üzrə Beynəlxalq Fondun əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, türk-tatar icmasının nümayəndələri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər: "Mərasimdə ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Buxarest şəhərində ucaldılan büstü önünə əklillər qoyulmuşdur.

Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkdirmişlər".

Məlumatda o da qeyd olunub ki, mərasim yerli KİV-də işıqlandırılıb.