Dekabrın 16-dan şimal istiqamətdə hərəkət edən "Rusiya Dəmir Yolları” ASC-yə məxsus bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AzərTAc-a bildirib ki, "Rusiya Dəmir Yolları” ASC-nin məlumatına əsasən, dekabrın 16-dan etibarən bu ölkənin dəmir yollarına məxsus 392/391 nömrəli Rostov-Bakı, dekabrın 18-dən 374/373 nömrəli Tümen-Bakı, dekabrın 20-dən etibarən isə 96/95 nömrəli Moskva-Bakı sərnişin qatarlarının hərəkəti iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə dekabrın 14-dən etibarən 373-/374 nömrəli Tümen-Mahaçqala qatarı xəttə çıxacaq. Həmin qatara və Rusiya və MDB dəmir yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet satışı Bakı Sərnişin Stansiyasının 2 nömrəli kassasından həyata keçiriləcək.

"Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 55-56 nömrəli Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir, cədvəl üzrə hərəkət edəcək.