Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, ölkədə təxribat xarakterli aksiyalar təşkil edən partiyalara və onların funksionerlərinə qarşı çıxmaq üçün hər zaman hazırdırlar:
"Bizdə olan məlumata görə, Müsavat Partiyası da mitinqə hazırlaşır. Hesab edirəm ki, artıq "Müsavat” sıradan çıxmış bir partiyadır. İstəkləri də gündəmdə qalmaqdır, başqa heç nəyə nail ola bilməyəcəklər. Üzdə olan simaları da ya yeni partiya yaradacaqlar, ya da bizimlə birləşəcəklər. Müsavat Partiyası mitinq keçirsə, Arif Hacılı və onun qardaşlarından başqa meydana heç kim gəlməyəcək. Onlardan fərqli olaraq, Müasir Müsavat Partiyasının mitinq keçirməsi hər zaman gündəmdədir. Ölkədəki situasiyanı nəzərə alaraq, Azərbaycana edilən basqılara cavab vermək üçün biz də mitinqə hazırlaşırıq. Əgər bəlli şəxslər Azərbaycan dövlətçiliyinə xələl gətirmək üçün aksiya keçirsələr, onların əksəriyyətini məhv edəcəyik. Hətta bunun üçün lazım olsa baş da kəsəcəyik. Biz imkan vermərik ki, Azərbaycanda bugünkü sabitlik pozulsun. Bizim boçkalardan düzəltdiyimiz çox gözəl tribunamız var. Əgər Milli Şura bir daha mitinq keçirsə və onlara icazə verilsə, bizə verilməsə, meydanın digər tərəfində öz tribunalarımızı qurub aksiyamızı keçirəcəyik”.
hafta.az