Beynəlxalq Diaspor Mərkəzinin(BDM) sədri İsmayıl Ağayev qarşıdan gələn bələdiyyə seçkilərində  qüvvəsini sınamaq qərarına gəlib. Ancaq onun qarşısında qırmızı işıq yandırılıb. 

Mia.az Azinform.az-a istiindən xəbər verir ki, İsmayıl Ağayev Səbail rayon bələdiyyəsinə seçilmək istəyib: "BDM sədri bu prosesi maksimum dərəcədə gizli saxlamağa çalışıb. Bu günlərdə Səbail rayon DSK-sı İsmayıl Ağayevə təqdim etdiyi imza vərəqlərində çoxlu sayda problemin olduğunu əsas gətirərək, onun sənədlərini geri qaytarıb.

Digər bir versiyaya görə isə, İsmayıl Ağayevin seçkilərə buraxılmaması onun  ağır cinayət kateqoriyasına aid ittiham əsasında məhkum edilməsilə bağlıdır". 

Xatırladaq ki, İsmayıl Ağayev bundan əvvəl də, Səbail bələdiyyəsində işləyib. Bu, Əhməd Hüseynovun sədr olduğu dövrə təsadüf edir. Lakin sonradan Əhməd  Hüseynovla onun arasında ciddi qalmaqal yaşanıb. Həmin vaxt İsmayıl Ağayevin bələdiyyədə icra etdiyi vəzifəyə seçki prosesindən keçmək tələb edilməyib.

Azinform.az İsmayıl Ağayevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bələdiyyə üzvü olmaq istəmədiyini və DSK-ya heç bir sənəd təqdim etmədiyini deyib.

Ancaq Səbail DSK-dan adının çəkilməsini istəməyən mənbə bizə İsmayıl Ağayevin DSK-ya imza vərəqələri təqdim etdiyini bildirib.