"Qafqazinfo”ya daxil olan məlumata görə, fraksiyanın əsas təşəbbüskarı qurultayda başqanlıq seçkisi zamanı namizəd olan Tural Abbaslıdır. T.Abbaslı həmin seçki zamanı 20 səslə məğlub olmuşdu. Bu günə kimi gənc namizəd sakit və diplomatik davranırdı. İki dəfə Məclis üzvlüyünə namizədliyini versə də, seçilmədi.
Artıq Tural Abbaslı və tərəfdarları digər məğlub olan namizəd Qubad İbadoğlunun tərəfdarları ilə danışıqlara başlayıb. Q.İbadoğlu hazırda ölkə xaricində olduğu üçün səfərdən qayıtdıqdan sonra özü ilə danışıqlar aparılacaq. Açıq formada bu fraksiyada iştirak etmək istəsə, onun da adı açıqlanacaq. Razılıq verəcəyi təqdirdə, fraksiya həmsədrlik instutu əsasında fəaliyyət göstərəcək. Müzakirə prosesindən asılı olaraq fraksiyanın yarandığı yaxın günlərdə elan edilə bilər.
Partiya daxilində yeni birliyin yaranma səbəbi Arif Hacılının monopoliya və avtoritarizm qurma cəhdinin qarşının alınması olduğu bildirilir. Yeni fraksiyanın adı haqda konkret qərar verilməsə də, "Gənclər fraksiyası" adı ilkin variant kimi müzakirə edilir.
Məlumata görə, yeni fraksiya yalnız Nizamnamə çərçivəsində fəaliyyət göstərməyə çalışacaq. Birliyə narazı olan hər kəs - rayon təşkilat sədrləri, sərbəst məclis üzvləri, ziyalılar, xanımlar və s. cəlb ediləcək.