Oktyabrın 14-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqı müqaviləsinin təsdiqinə dair qanunu imzalayıb.
Qanunu Qazaxıstan parlamentinin aşağı palatası – Məclis oktyabrın 1-də, yuxarı palata – Senat oktyabrın 9-da ratifikasiya etmişdi.
Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Rusiya və Belarusda da müqaviləyə dair qanunlar prezidentlərin imzası ilə təsdiqlənib.
Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində isə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir. (mediaforum.az)