"Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin iş üzrə ittiham olunan Məhərrəm Həsənovun ev dustaqlığına buraxılması qərarı ləğv edilib. Vəkil Elton Quliyev "Azadlıq” qəzetinə deyib ki, oktyabrın 2-də Abşeron Rayon Məhkəməsi heç bir əsas olmadan Məhərrəm Həsənovun ev dustaqlığına buraxılması barədə qərar çıxarmışdı: "Ancaq prokuror qərardan protest verdiyi üçün Məhərrəm Həsənov barəsində yenidən həbs qətimkan tədbiri seçilib”.
Seymur Həzi avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. Abşeron Rayon Polis Şöbəsində Seymur Həziyə Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Məhərrəm Həsənov isə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu iddia edir. 32 yaşlı Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini bitirib, AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasında təhsil alıb. 2000-ci ildən AXCP-nin üzvüdür.