Xəbər verildiyi kimi, oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi məsələlər komitəsinin iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib. Yeni məruzəçi britaniyalı deputat Robert Volter təyin olunub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təqdim etdiyi qətnamə layihəsi ilə bağlı AŞPA Bürosunun 2 sentyabr tarixində qəbul edilmiş və 29 sentyabr tarixində plenar iclasda təsdiqlənmiş qərarı əsasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin olunub.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov
isə bildirdi ki, yeni məruzəçinin təyin olunması Azərbaycan diplomatiyasının
uğurudur: "Sözsüz ki, biz Qarabağla bağlı yeni məruzəçinin təyin
olunmasına nail olmuşuq. Azərbaycan diplomatiyasının uğurları son zamanlar
artıb. Ermənistanın mediası, politoloqları və sosioloqları dəfələrlə ifadə
ediblər ki, rəsmi İrəvanın Azərbaycana qarşı xarici siyasəti iflasa uğrayıb.
Yeni məruzəçinin təyin olunması ölkəmizin xarici siyasətinin uğurlu olmasından
və doğru siyasi istiqamət götürməsindən xəbər verir. Diaspor ilə fəaliyyət
uğurla qurulub və inkişaf xətti ilə davam etməkdədir".
R.Qonaqov Avropada uzunmüddətli problem olan Dağlıq Qarabağ probleminin həll olunması üçün qərarların sərtləşdirilməsini arzulayır:
"Çox istərdik ki, Qarabağla bağlı təyin olunmuş yeni məruzəçi
həqiqətləri Avropa parlamentarilərinin diqqətinə çatdırmağı bacarsın. Avropa Şurasının üzv dövləti olan Ermənistan digər üzv
dövlətin - Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir.
Arzulayırıq ki, Ermənistan üzərinə götürdüyü konvensiyalara və qətnamələrə əməl
etsin, işğalçı ölkə buna məcbur edilsin. Xüsusi ilə, super dövlətlər olan ABŞ
və Rusiya Ermənistanı buna məcbur etməlidir".