ABŞ-ın Nyu York
ştatında yerləşən Sirakuz Universitetində Azərbaycana həsr olunmuş geniş tədbir
keçirilib.
Azərbaycanın
Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a daxil olan məlumata görə, tədbir universitetin Maksvel Vətəndaşlıq və İctimai
Məsələlər Məktəbində təşkil olunub. Maksvel Məktəbi ictimai siyasət sahəsində
dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindəndir.
Tədbirdə
universitetin tələbə və müəllim heyəti iştirak edib.
Universitetin dəvətilə
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə geniş mühazirə
ilə çıxış edib.
N.Ağayev,
çıxışında, Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə Ermənistan
tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti və mülki azərbaycanlı əhaliyə
qarşı törədilmiş hərbi cinayətlər barədə danışaraq, bu səpkidə Xocalı soyqırımı
haqda tədbir iştirakçılarını geniş şəkildə məlumatlandırıb. Baş konsul bildirib
ki, Ermənistan tərəfi nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək
mümkün deyil.
N.Ağayev bu səpkidə
Ermənistanın hazırkı prezidenti S.Sarqsyanın hələ 2000-ci ildə verdiyi müsahibədə
Xocalı qətliamının işğalçı qüvvələr tərəfindən törədilməsinə dair etdiyi etirafı
diqqətə çatdırıb. N.Ağayev bu qədər faktlardan və etiraflardan sonra erməni tərəfinin
Xocalı soyqırımını inkar etməsinin
olduqca məntiqsiz və gülünc olduğunu qeyd edib.
Bundan başqa,
N.Ağayev çıxışında Azərbaycanın tarixi, mədəniyyəti, müstəqil dövlət kimi
inkişafı, neft strategiyası, ABŞ, Avropa və qonşu dövlətlər ilə münasibətləri
barədə də iştirakçılara ətraflı məlumat verib. O, həmçinin, Azərbaycanın qədim
etnik və dini tolerantlıq ənənələri barədə danışaraq, Azərbaycan hökumətinin
ölkədə bu ənənələrin daim yaşaması və daha da güclənməsinə yüksək diqqət
yetirdiyini söyləyib.
Çıxışdan sonra
baş konsul amerikalı professor və tələbələrin suallarını cavablandırıb.