27 və 28 sentyabr tarixlərində
Azərbaycan Dövlət Musiqili
Teatrında "Qızıl toy” operettasının premyerası olacaq. Teatrın
105-ci mövsümünün ilk premyerası olan bu əsərin libretto müəllifi Ramiz Heydər,
bəstəkarı Oqtay Kazımidir. Komediyaya resjissor Yusif Əkbərov quruluş verib.
Teatrdan Mia.az-a verilən məlumata görə, rollarda
respublikanın əməkdar artistləri Nahidə Orucova (Ballı), Əkbər Əlizadə (Qədir),
aktyorlardan Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, Türkel Şabanova (Aygün),
Elvin Əliyev, Şaban Cəfərov (Azər), Gülnarə Əzizova (Zuzu), Yuliya Heydərova (Əcnəbi
qız), Elməddin Dadaşov (Şoumen), Svetlana Bulax (Turist qadın), Əliməmməd Novruzov,
Ruslan Mürsəlov, Elnur Zeynalov (turist oğlanlar) iştirak edirlər.
Müasir zaman üçün aktual olan əsərin əsas
qayəsində vətənə məhəbbət dayanır. Tamaşada da məhz bu hisslər aşılanır.
Qeyd edək ki, "Qızıl toy” tamaşanın
hazırlığında, təmir və bərpa işlərindən sonra teatrda yaradılmış müasir
standartlara cavab verən texnoloji imkanlardan bacarıqla istifadə olunub.
Tamaşanın quruluşşu dirijoru əməkdar incəsənət
xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam
Gülnarə İbadova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva,
dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanova,
rejissor assistentləri Tamilla Aslanova, Anar Sadıqovdur.
Məlumat üçün deyək ki, əsərə ilk səhnə həyatını,
1980-ci ildə rejissor Rafiq Atakişiyev verib.