ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının "Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın 20 illiyinə və onun gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunmuş 29-cu xüsusi sessiyası öz işinə başlayıb.
Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən
Mia.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və
əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sessiyada çıxış edərək, ölkəmizdə
davamlı sosial-iqtisadi inkişaf şəraitində demoqrafik sabitliyə nail olunması
üçün görülən işlər və əldə olunan uğurlar barədə məlumat verib. Nazir "Əhali və inkişaf üzrə Qahirə
konfransının Fəaliyyət Proqramı”nın qəbul
edildiyi 1994-cü ilin Azərbaycanda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə müstəqil dövlət quruculuğuna başlandığı, yəni həm də bu sənədin
reallaşdırılması üçün ilk imkanların yarandığı dövrə təsadüf etdiyini
vurğulayıb: "Həmin dövrədək isə ölkəmizin ciddi siyasi, iqtisadi və sosial
böhran vəziyyətində olması bu imkanları xeyli məhdudlaşdırmışdı. Xüsusən də bu
vəziyyət Ermənistanın Azərbaycan ərazisinin 20 faizinin işğal etməsi və 1
milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ilə daha da
mürəkkəbləşmişdi. Təbii ki, belə gərgin situasiya əhalinin həyat səviyyəsinin kəskin
şəkildə aşağı düşməsinə, bu isə öz növbəsində demoqrafik proseslərin mənfi
istiqamət almasına səbəb olmuşdu”.
S.Müslümov artıq
1995-ci ildən Azərbaycanda davamlı iqtisadi islahatların təməlinin qoyulduğunu
qeyd edib. Nazir bildirib ki, ötən dövrdə ölkəmizdə əldə olunan makroiqtisadi və
siyasi sabitlik şəraitində mühüm sosial islahatlar həyata keçirilməklə, həmçinin
Qahirə konfransının Fəaliyyət Proqramının prinsiplərinin mühüm inkişaf
strategiyalarında tətbiqi üçün müvafiq işlər
aparılıb: "2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü
siyasəti respublikanın bütün sahələr üzrə inkişafının daha da sürətlənməsini,
müasir dövlət quruculuğunun geniş vüsət almasını təmin etmişdir. Qısa bir dövrdə sosial-iqtisadi inkişaf
tempinə görə regionda lider mövqeyə sahib olan Azərbaycan BMT-nin son
hesabatına əsasən, insan inkişafı indeksinə görə 187 ölkə sırasında 76-cı yerdə
qərarlaşıb və yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub. Həmçinin,
Dünya İqtisadi Forumunun ilbəil açıqladığı məlumatlarda Azərbaycanın qlobal rəqabətqabiliyyətlilik
reytinqi daim yüksəlir və hazırda ölkəmiz
bu göstəriciyə görə 144 ölkə arasında 38-ci yerdədir”.
Ötən 20 ildə Azərbaycanda
əhali sakinliyi ilə bağlı məsələlərin həlli sahəsində həyata keçirilən
kompleks tədbirləri diqqətə çatdıran
nazir bildirib ki, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda 1999-cu ildə
Demoqrafik İnkişaf Konsepsiyası təsdiq edilib. Konsepsiyanın icrası olaraq, ölkənin
demoqrafik potensialının reallaşdırılması məqsədilə əhali sağlamlığının möhkəmləndirilməsi,
o cümlədən reproduktiv sağlamlıq, təhsilin keyfiyyətinin artırılması, əhalinin,
həmçinin həssas qrupların məşğulluğunun
təminatı, gender bərabərliyinə nail
olunması, miqrasiya proseslərinin səmərəli tənzimlənməsi və s. istiqamətlərdə
mühüm işlər görülüb. Ölkənin mövcud səhiyyə və təhsil infrastrukturunun demək
olar ki, yarısı məhz son 20 ildə yaradılıb: "Bu müddətdə Azərbaycan əhalisinin
sayı 26 faiz artaraq 9,5 milyona çatıb və
hazırda ölkədə əhalinin illik artım tempi 1,3 faiz təşkil edir. Bu müsbət
demoqrafik proseslər eyni zamanda körpə və uşaq ölümü hallarının müvafiq olaraq
2,3 dəfə və 3,5 dəfə azalması ilə müşahidə olunub. Doğulanda gözlənilən ömür
uzunluğu 4,6 il artaraq 74,2 yaşa çatıb. Uğurlu sosial-iqtisadi inkişaf
strategiyası ölkədə yoxsulluq səviyyəsinin qeyd olunan dövrdə 11 dəfə azalaraq
5,3 faizə, işsizliyin 3,5 dəfə azalaraq 5 faizə enməsinə səbəb olub”.
S.Müslümov Azərbaycanda demoqrafik siyasətin ölkənin milli və demoqrafik xüsusiyyətlərinə, sosial-iqtisadi şəraitinə uyğun şəkildə aparıldığını, hazırda 2025-ci ilədək dövr üçün ölkəmizin əhali sakinliyi və demoqrafik inkişaf üzrə Dövlət Proqramının hazırlandığını qeyd edib. O, bu prosesdə mötəbər beynəlxalq qurumlarla, o cümlədən BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığın roluna toxunub və bunun qeyd olunan Fəaliyyət Proqramının səmərəli icrası baxımından da əhəmiyyətini vurğulayıb: "Məlum olduğu kimi, BMT-nin Minilliyin İnkişaf Məqsədləri 2015-ci ilədək dövrü əhatə edir və hazırda növbəti dövr üçün yeni təşəbbüslər hazırlanır. Bununla bağlı olaraq, hesab edirəm ki, hazırkı sessiyada irəli sürüləcək tövsiyələr əvvəlki məqsədlərin davamı kimi özünü göstərməlidir və bu tövsiyələr BMT-nin yeni dövr üçün inkişaf Bəyannaməsinin əsasını təşkil edə bilər”.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində dünyada sosial birlik məsələlərinin həlli ilə bağlı əməkdaşlığa töhfə vermək əzmində olduğunu bildirən S.Müslümov 1994-cü ildə qəbul olunmuş "Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”ndakı məqsədlərin icrası istiqamətində ölkəmizdə bundan sonra da məqsədyönlü səylərin göstəriləcəyini vurğulayıb.