Azərbaycan
Respublikasının Vaşinqtondakı Səfirliyi və İsrailin Azərbaycandakı Səfirliyinin
ABŞ-da birgə proqramı davam edir.
Azərbaycan
Respublikasının Vaşinqtondakı Səfirliyindən Mia.az-a daxil olan məlumata görə,
hazırda ABŞ-da səfərdə olan İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və Azərbaycan
Səfirliyinin müşaviri Məmməd Talıbov Vaşinqton və ABŞ-ın tarixi paytaxtı olan və
Amerika tarixində xüsusi əhəmiyyət təşkil edən Filadelfiya şəhərlərində İsrail-Azərbaycan
münasibətlərindən bəhs edən bir sıra birgə tədbirlərdə iştirak etmişlər. Qeyd
edilməlidir ki, Filadelfiya şəhəri çoxsaylı və nüfuzlu yəhudi icması ilə
seçilir və bu şəhərdə İsrail Dövlətinin Baş Konsulluğu fəaliyyət göstərir.
İsrail səfiri və Azərbaycan
diplomatı Vaşinqtonda yerləşən tanınmış Amerika Universitetində həmin təhsil
ocağının İsrail Mərkəzi tərəfindən təşkil olunmuş seminarda, nüfuzlu Amerika Yəhudi
Komitəsi (AJC), Yəhudi Respublikaçılar Koalisiyası (RJC) və ACCESS Gənc Peşəkarlar
təşkilatı tərəfindən təşkil olunmuş konfransda, həmçinin AJC Filadelfiya Rəyasət
heyəti və bundan əlavə AJC gənc rusdilli liderlər (AJC Russian young
leadership) qarşısında çıxış etmişlər. həmçinin İsrail-Azərbaycan münasibətləri,
regionda cərəyan edən hadisələr və ABŞ ilə əməkdaşlıq haqqında çoxsaylı
sualları cavablandırmışlar.
Natiqlər çıxışlarında
İsrail və Azərbaycan xalqları və ölkələrimiz arasında uzun illər davam edən
dostluq münasibətləri və tədricən inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıq
haqqında danışmışlar. Onlar möhkəm bünövrəyə malik olan bu münasibətlərin bir
çox aspektlər baxımından nümunəvi xarakter daşıdığını qeyd etmiş, münasibətlərin
yüksələn xətlə davam etməsinə toxunmuş və o cümlədən, iki ölkənin rəhbər rəsmilərinin
qarşılıqlı səfərlərinin bu prosesə verdiyi töhfəni qeyd etmişlər. Bu kontekstdə,
İsrail müdafiə nazirinin bir neçə gün əvvəl ölkəmizə etdiyi tarixi səfər qeyd
olunmuşdur.
Səfir Rafael Harpaz Azərbaycan
cəmiyyətində anti-semitizmin "sıfır səviyyəsində” olduğunu, burada yəhudi
icmasının çox sərbəst və təhlükəsiz şəraitdə yaşadığının Azərbaycanda işlədiyi
müddət zamanı demək olar ki hər gün şəxsən şahidi olduğunu bəyan edərək, qeyd
etmişdir ki, "bütün dünya və, o cümlədən İsrail üçün Azərbaycanda hökm sürən
tolerantlıq nümunə ola bilər”. O, Azərbaycan cəmiyyətində tarixi kökləri olan
tolerantlıq ənənəsinin davam etməsi və inkişafında Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin rolunu xüsusilə qeyd etmiş, həmçinin həmin siyasətin
Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin Azərbaycan cəmiyyətində
dəstəkləndiyini vurğulamışdır.
Tədbirlər zamanı natiqlərin
çıxışları böyük maraqla qarşılanmışdır. Tədbirlərə qatılanlar, o cümlədən
Amerika yəhudi icmasının aparıcı üzvləri, akademik dairələrin təmsilçiləri və
s., dünyada və xüsusilə Yaxın Şərq regionunda cərəyan edən hadisələri nəzərə
alaraq Azərbaycan və İsrail diplomatlarının bu təşəbbüsünün təqdirəlayiq və çox
aktual olduğunu vurğulamışlar.
Hazırda Səfirliklərin
birgə proqramı Nyu-York şəhərində davam edir.