Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel və səfirliyin birinci katibi Frederik Hake ilə görüş keçirilib.
Mia.az-a
daxil olan məlumata görə, şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik
etdiyi qurumun yaradılması zamanı qabaqcıl dünya təcrübəsindən bəhrələndiklərini
bildirərək fəaliyyət istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verib.
Azay Quliyev Şuranın 2007-ci ildə demokratik prinsiplər əsasında
formalaşdırıldığını və 11 üzvündən 8-nin vətəndaş cəmiyyətini təmsil etdiyini
qeyd edib. Azay Quliyev ölkəmizdə 3 mindən artıq QHT-nin insan haqları,
demokratiya, ekologiya, sosial, təhsil və digər sahələrdə çalışdığını bildirərək
Şuranın ötən 6 illik fəaliyyəti dövründə heç bir ayrı-seçkilik etmədən 2500-dən
artıq təşkilatın layihəsini maliyyələşdirdiyini və bunun ölkəmizdə vətəndaş cəmiyyətinin
inkişafı üçün mühüm töhfə olduğunu vurğulayıb. Şura sədri həmçinin Azərbaycan
hökumətinə milli QHT-lərin xarici mənbələrdən asılılığının aradan qaldırılması
üçün gələn ildən yerli donorlara ayrılan vəsaitin həcminin bir neçə dəfə
artırılması ilə bağlı təklif irəli sürdüklərini də qeyd edib.
Şuranın ötən
ildən etibarən xarici QHT-lər üçün qrant müsabiqəsi həyata keçirdiyini deyən
Azay Quliyev Almaniyanın bir sıra ictimai təşkilatlarının da layihələrinin dəstəkləndiyini
qeyd edərək, bu çərçivədə keçirilən tədbirlər haqqında səfirə məlumat verib.
Azay Quliyev bir sıra beynəlxalq təşkilatların və Avropa dövlətlərinin nümayəndələrinin
ölkəmizə qarşı münasibətdə ikili standartlardan çıxış etdiyini və bu halın
haqlı olaraq narazılıq doğurduğunu bildirib.
Azərbaycanda
vətəndaş cəmiyyətinin fəalliyyətini yaxından izlədiklərini qeyd edən səfir,
xanım Haydrun
Tempel Şuranın xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Almaniya və
digər Avropa ölkələrinin təşkilatlarının layihələrinin dəstəklənməsini maraqla
qarşıladığını bildirib.
Xanım Haydrun Tempel Almaniya-Azərbaycan
münasibətlərinin inkişafı, QHT-lər haqqında qanunvericiliyə edilən son əlavə və
dəyişikliklər, onların üzləşdikləri çətinliklər barədə fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi
aparılıb, qonaqların suallarına ətraflı cavab verilib.