Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 96-cı ildönümü münasibəti
ilə "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi Gəncə şəhərində tədbir
keçirib.
Bu barədə Birlikdən Mia.az-a verilən məlumata görə tədbir çərçivəsində
Azərbaycan- Türkiyə qardaşlığına həsr olunan ədəbi- bədii gecə təşkil olunub.
Gecədə İstanbul- Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlunun rəhbərlik
etdiyi 18 nəfərlik nümayəndə heyəti və Kəlbəcər rayon İcra Hakimiyyətinin
başçısı Aqil Məmmədov başda olmaqla bir qrup Kəlbəcər ziyalısı iştirak ediblər.
Tədbirin təşkilatçıları "Aşıq Şəmşir”
Mədəniyyət Ocağı İctimai birliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi
(ATXƏM) və İstanbul- Türkiyə Azərbaycan
Dərnəyi olub.
İlk öncə Kəlbəcər rayon icra Hakimiyyətinin başçısı Aqil Məmmədov
qonaqları salamlayaraq tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi.
Qeyd etdi ki, Qafqaz İslam Ordusu Azərbaycan- Türkiyə hərbi əməkdaşlığının təməlini
qoyub: " Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana
gəlişi bizim üçün böyük tarixi və xüsusi əhəmiyyət kəsb edir. 15 Sentyabrda
Bakının düşmənlərdən azad edilməsinin Azərbaycanın müstəqilliyi qədər böyük
tarixi əhəmiyyəti vardır. Biz inanırıq ki, Türkiyə- Azərbaycan birliyi bundan
sonra daha da möhkəmlənəcək və bu münasibətlər əbədi olacaqdır. Bu gün Azərbaycan-Türkiyə
dostluğu yüksələn xətlə inkişaf edir. Türkiyə Respublikasının Prezidenti cənab
R.T.Ərdoğanın Azərbaycana səfəri çərçivəsində möhtərəm prezidentimiz cənab
İlham Əliyevlə keçirdiyi yüksək səviyyədə görüşlər bu qardaşlıq, dostluq
münasibətlərinin möhkəm təməllər üzərində qurulmasının bariz nümunəsidir."
"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər
Qurbanov isə çıxışında bildirdi ki, tarix boyu ermənilər Azərbaycanlılara qarşı
soyqırım siyasəti aparıb. Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində
Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan artıq vətəndaşımız
öz evlərindən, ata-baba yurdundan didərgin düşüb. 1993-cü ilin aprelində Qardaş
Türkiyə dövləti tarixi Azərbaycan torpağı olan ata yurdum Kəlbəcərin işğalının
ardından Ermənistanla sərhədləri bağlamışdır. Belə taleyüklü məsələdə Türkiyə və
Azərbaycan dövlətlərinin ortaq mövqe ortaya qoyması Ermənistanı çıxılmaz vəziyyətə
salıb. Qarabağ problemi həll olunmayana qədər sərhədlərin açılmayacağını dəfələrlə
bəyan edən Türkiyə müxtəlif siyasi təziqlərə baxmayaraq Azərbaycanın yanında olduğunu bu gün də göstərir".
Türkiyə Respublikasının Gəncəyə yeni təyin olunan Baş konsulu Orhan İşık isə çıxışında fəaliyyətinin ilk gününün belə bir möhtəşəm tədbirlə başladığını gələcək uğurlarının təməli hesab etdiyini söyləyib. "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin genişmiqyaslı layihələrindən məlumatlı olduğunu deyən diplomat, görkəmli el sənətkarı, Azərbaycan Aşıq poeziyasının parlaq simalarından olan Aşıq Şəmşirinin yaradıcılığını yüksək qiymətləndirib. O, həmçinin Türkiyə- Azərbaycan qardaşlığının bundan sonra da ən yüksək səviyyədə olacağına əminliyini ifadə edib.
Daha sonra tədbirdə İstanbul-
Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu çıxış edib. O bildirib ki, rəhbərlik
etdiyi təşkilatın əsas məqsədi Türkiyə və Azərbaycan arasında mövcud olan
dostluq, qardaşlıq və həmrəylik bağlarını daha da gücləndirməkdir:
"İstanbul
Türkiyə Azərbaycan Dərnəyi 2011-ci ildə "Bir millət, iki
dövlət” şüarı ilə qurulub. Fəaliyyətimiz çərçivəsində Dərnəyimizin təsisçiləri,
yazıçılar, sənətçilər və iş adamları ilə birgə bir həftəlik Azərbaycanda səfərdə
olacağıq. Məqsədimiz Azərbaycanın tarixi
yerlərini və mədəniyyət abidələrini ziyarət edərək onları Türkiyə və dünya
ictimaiyyətinə tanıtmaq, Azərbaycanın Türkiyə və Dünya dövlətləri ilə olan əlaqələrinin
güclənməsinə töhfə verməkdir. Azərbaycanın Dünyada əsas səslərindən biri olmaq
bizim müqəddəs məqsədlərimizdən biridir".
Qonaq Gəncə şəhərindəki
yeni Baş konsul Orhan İşıkla keçirdiyi görüşdə
Azərbaycan- Türkiyə əlaqələri- mədəni, iqtisadi aspektlərin müzakirə
edildiyini, mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir
mübadiləsi aparıldığını vurğuladı. O qeyd etdi ki, Baş konsul da belə görüşlərin
xalqlarımız arasında dostluq- qardaşlıq əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli
olduğunu vurğulamışdır.
Səfər
Karakoyunlu bu gün rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Gəncənin tarixi
yerləri olan Nizami məqbərəsini, qala qapılarını, Cümhuriyyət muzeyini, Cavad
xan türbəsini, Göygöl rayonunda isə Aşıq
Şəmşirin abidəsini ziyarət etdiyini diqqətə çatdırdı.
S. Karakoyunlu
onu da vurğuladı ki, səfər proqramı çərçivəsində bu həftə ərzində Bakı, Salyan və Qubada keçiriləcək tədbirlərdə
iştirak edəcək, o cümlədən Şamaxıdakı Türk şəhidliyini, Qubadakı Soyqırım abidəsini
və kütləvi məzarlığı da ziyarət edəcəklər. Bakıda isə şəhərin görməli yerlərini,
xüsusilə İçərişəhəri gəzməklə yanaşı ilk olaraq Fəxri Xiyabanı, Şəhidlər
Xiyabanını, Türk şəhidliyini ziyarət edəcək, buradakı abidələr önünə əklil və
gül dəstələri qoyacaq, onların ruhlarını yad edəcəklər.
İstanbul- Türkiyə-Azərbaycan Dərnəyinin üzvü əslən azərbaycanlı Bahəddin bəyin göz yaşları içindəki çıxışı isə hər kəsdə duyğulu anlar yaşadıb.
Sonda mərasim el sənətkarlarının, musiqi qruplarının rəngarəng çıxışları ilə davam edib. Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Ədalət Dəlidağlının biri- birindən gözəl saz ifaları və folklor nümunəsi olan "Maral oyunu” türkiyəli qonaqların böyük marağına səbəb olub.
Xatırladaq ki, sonda Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində türkiyəli nümayəndə heyətinin səfərinin yekununa həsr olunmuş mətbuat konfransı təşkil olunacaq.