ABŞ-dakı yəhudi icmasını təmsil edən ən mühüm təşkilatlardan biri olan Amerika Yəhudi Komitəsi tərəfindən sentyabrın 14-də İsrailin Azərbaycandakı səfir Rafael Harpaz və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun iştirakı ilə tədbir keçirilib.
Mia.az-a səfirliyimizdən verilən məlumata görə, ABŞ-ın
Merilend ştatında yerləşən Bet Şolom Sinaqoqunda baş tutmuş toplantıya bu
ştatın yəhudi icmasının fəal nümayəndələri və eləcə də burada yaşayan Azərbaycan
icmasının təmsilçiləri qatılıblar.
İştirakçılar qarşısında
çıxış etmiş İsrail və Azərbaycan səfirləri ilk növbədə xalqlarımız və ölkələrimiz
arasında uzun illərdən bəri davam edən dostluq münasibətləri və ildən-ildən
genişlənib, inkişaf edən məhsuldar əməkdaşlıq haqqında fikirlərini bölüşmüşlər.
Onlar möhkəm dayaqlara malik olan bu münasibətlərin bir çox aspektlər
baxımından nümunəvi xarakter daşıdığını bəyan etmiş, münasibətlərin yüksələn
dinamikasına nəzər salınmış və o cümlədən, iki ölkənin rəhbər rəsmilərinin
qarşılıqlı səfərlərinin bu prosesə verdiyi töhfəni qeyd etmişlər. Bu mənada,
yalnız bir neçə gün əvvəl İsrailin müdafiə nazirinin Azərbaycanın müstəqillik
illərində ilk dəfə ölkəmizə səfər etdiyi misal gətirilmişdir.
Məruzəsi əsnasında səfir
Rafael Harpaz toplantının baş tutduğu gündə İsrail tərəfindən ölkələrimiz
arasında diplomatik və xidməti pasport sahibləri üçün viza prosedurlarının
asanlaşdırılmasına dair sazişin ratifikasiya edilməsi barədə məlumat vermişdir.
O, həmçinin Azərbaycan cəmiyyətində hökm sürən dini tolerantlığı təqdir etmiş və
müxtəlif dinlərə mənsub şəxslərin sərbəst və təhlükəsiz bir şəraitdə
yaşadıqlarını göstərmişdir. İsrail diplomatı ölkəmizdə anti-semitizm hallarına
rast gəlinmədiyini xüsusi olaraq vurğulamış və Azərbaycanın 30 minə yaxın yəhudi
icmasının qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığını önə çəkmişdir.
Səfir Elin Süleymanov öz
növbəsində dünyəvi bir dövlət olan Azərbaycanda din və vicdan azadlığının təmin
edilməsi və dini-mədəni müxtəliflik və tolerantlığın qorunması və təşviqinə
toxunaraq, Azərbaycan dövlət başçısının bu istiqamətdə müəyyən etdiyi mütərəqqi
siyasət barədə danışmışdır.
Məruzələrin ardınca
natiqlər İsrail-Azərbaycan münasibətləri, Avrasiya regionunda cərəyan edən
hadisələr və ABŞ ilə çoxşaxəli əməkdaşlıq haqqında sualları
cavablandırmışlar.
Hazırda ABŞ-da səfərdə
olan səfir Rafael Harpazın qarşıdan gələn günlərdə Vaşinqton, Filadelfiya və
Nyu-York şəhərlərində İsrail-Azərbaycan münasibətlərindən bəhs edən bir sıra
birgə tədbirlərdə iştirak etməsi nəzərdə tutulur.