Sentyabrın 9-da Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqq
səsini dünyaya çatdırmaqda yeni bir addım olan "Dönüş Yolu (The Way
Back)" layihəsinin bağlanış mərasimi keçirilib.
Mia.az-a verilən
məlumata görə, layihə Facebook sosial şəbəkəsində Qarabağ həqiqətlərini
innovativ üsullarla potensial yüz milyonlarla şəbəkə istifadəçisinə çatdırmağı
qarşıya məqsəd qoyub. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə
layihə çərçivəsində yaradılması nəzərdə tutulan eyniadlı aplikasiyanın təqdimatı
baş tutub, gənclərə aplikasiya barədə kiçik video-çarx nümayiş etdirilib. Tədbiri
giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri
Rufiz Qonaqov gəncləri salamlayıb və dövlətimizin gənclərin ideyalarına dəstək
verməsindən söz açıb. Daha sonra layihə rəhbəri Həbib Heydər layihənin ideya və
məqsədlərindən bəhs edib, hazırlanmış tətbiq barədə iştirakçılara və mətbuat
nümayəndələrinə geniş məlumat verdi, iştirakçıların sualları cavablandırıldı.
Layihə direktoru informasiya müharibəsi şəraitində bu aplikasiyanın
hazırlanmasını gənclərimizin kiçik bir qrupu sayəsində və xeyli qənaətcil bir
büdcə ilə milyardlıq şəbəkə üçün təbliğat bileti əldə etmək kimi xarakterizə
edib.
Layihə rəhbəri çıxışı zamanı bildirib: "Proyektdə əsas məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin milyardlıq online məkanda – Facebook sosial şəbəkəsində gənclərimizin komanda işi ilə dünyaya çatdırılmasıdır. Digər məqsəd isə işğalçı Ermənistanla olan informasiya müharibəsində əcnəbi gənclərin maraq dairəsinə uyğun formada və modern metodlarla innovativ üstünlüyə nail olmaqdır. Layihənin ideyasına görə, dövlətimizin informasiya təhlükəsizliyində gənclərin fəaliyyət və təcrübəsini artırmağa şərait yaratmaqla yanaşı, gənclərin İKT (İnformasiya-Kommunikasiya Texnologiyaları) və İMT (İnformasiya Müharibəsi Texnologiyaları) innovasiyalarından yararlanmalarını və bənzər ideyaların rövnəqlənməsini təbliğ etmək başlıca prinsipdir.
Layihənin ideya müəllifi fikirlərini davam etdirərək bildirib ki, "Proyekt çərçivəsində dünya əhalisinin 20%-ə yaxın nəhəng hissəsini birləşdirən ən aktiv sosial şəbəkə Facebook üzərindən Qarabağın işğal gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılmasında əsaslı rol oynayacaq "Dönüş Yolu (The way back)” aplikasiyası 3 ay ərzində 25-ə qədər gəncin iştirakı ilə yaradılıb. Aplikasiya sosial şəbəkələrdə gənclərin maraqlarına uyğun formada - dil öyrənmə, tərcümə proqramı kimi layihələndirilib". Həbib Heydər onu da əlavə edib ki, fərqli millətlərdən, fərqli insanların və əsasən gənclərin bu cür proqramlardan istifadə etməsi sayəsində biz onlara həm istədiklərini verir, həm Qarabağ problemi ilə bağlı ən vacib məsələləri lakonik və yaddaqalan tezislər şəklində onlara çatdırmış oluruq. O, aplikasiyanın imkanları barədə məlumat verərək qeyd edib ki, aplikasiya uzunmüddətli formada təsis edilib. Buraya istənilən sayda dillər əlavə etmək olar. Eyni zamanda hər bir istifadəçi buraya hər bir dil üçün yeni sözlər və həmin sözlərin cümlədə işlənmə yerini göstərməklə bağlı nümunələr əlavə etmək imkanına sahibdir. Aplikasiyanın istifadəsi çox rahat və sadədir.
20 ildən artıqdır ki, ədalətli həllini
tapmayan Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ən vacib faktların virtual
aləmdə yüz minlərlə internet istifadəçisinin nəzərinə çatdırılmasında bu metod tamamilə bir ilk
olması faktının üzərində dayanılıb. Hətta işğalçı ölkənin Qarabağla bağlı bu
cür anti-təbliğat aləti və ideyasının indiyədək mövcud olmaması xüsusi
vurğulanıb.
Xatırladaq ki, "Dönüş yolu (The Way Back)” layihəsi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin Gənclər və Layihələr üzrə sədr müavini, Şərqin ilk Milli Debat Formatı "Qladiator Debatları”nın konstruktoru Həbib Heydərin fərdi layihəsidir. Proyekt Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində "C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub. "Dönüş Yolu" 20 iyun – 20 sentyabr 2014-cü il tarixlərini əhatə edir.