Azərbaycan 1 sentyabrdan başlayaraq, Türkiyə ilə viza münasibətlərində yenilik tətbiq edib. Bu yenilik sayəsində ildə 1 dəfə illik çoxgirişli viza alan türkiyəli sürücülər, işçilər indi bunu edə bilməyəcəklər. Artıq bütün vizalar təkdəfəlik olub. Bu da Türkiyə tərəfində heyrətlə qarşılanıb. Hazırda Türkiyə mediası ən çox bu mövzunu gündəmə gətirib, müzakirə edir. Onların təqdim etdiyi versiyaya görə, bu uyğulama daha çox "TIR” sürücülərinə və xarici ticari sektora, yükdaşımalarına mənfi təsir edəcək.
Məlum olduğu kimi, Türkiyə Azərbaycan vətəndaşlarından viza tələb etmir. Lakin illərdir ki, Azərbaycan tərəfi Türkiyə vətəndaşlarına viza tətbiqini aradan qaldırmır və bu da ciddi suallar yaradır.
Musavat.com-a bir sıra qaynaqlardan belə bilgilər daxil olub ki, son uyğulamaların səbəbi Türkiyə və Azərbaycan hökumətləri arasında yaranmış və geniş ictimaiyyətdən gizli saxlanan soyuqluqdur. Bunun da səbəbinin Türkiyə hökumətinin Ermənistanla münasibətləri Azərbaycanın iradəsinin ziddinə olaraq, yaxşılaşdırma təşəbbüsləridir. Hətta bəzi iddialara görə, Türkiyə Ermənistanla diplomatik münasibətləri bərpa etmək üçün prosesə başlayıb.
Bu və başqa məsələlərlə bağlı sabah qəzetimizdə geniş təhlil yazısı veriləcək.