Son günlər cəbhə bölgəsində yaşanan gərginliklə bağlı İrəvan Mühacir Hökumətinin də bəyanat verməsinə səbəb olub.
Sabir Tanrıverdiyevin rəhbəri olduğu sözügedən təşkilatdan Mia.az-a daxil olan bəyanatda ilk olaraq erməni işğalçılarının son günlər cəbhə bölgəsində yerləşən kəndlərimizin və döyüş mövqelərimizin intensiv atəşə tutulması faktı kəskin pislənilməklə yanaşı, şəhidlərimizə Allahdan rəhmət, onların valideynlərinə, Vətənə və dövlətə isə dərin hüznlə başsağlığı və səbr dilənib.
Daha sonra isə İrəvan Mühacir Hökumətinin yaydığı bəyanatda deyilir:
«Erməni ordusunun havadarlarına arxayın olaraq cəbhə boyu total hücumlarını dəf
edərək, düşmənə sarsıdıcı zərbə vuran ordumuzun bütün əsgərlərinə, həmçinin müdafiə
naziri, cənab Zakir Həsənova və möhtərəm cənab prezidentimiz, Ali Baş Komandanımız
İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bəli, artıq möhtərəm prezidentimiz
İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan ordusu nəinki Qafqazın
ən güclü ordusu statusuna sahiblənib, hətta deyərdik ki, bir anın içində erməniləri
İrəvandan qovub çıxarmağa da qadirdir.
Bəli, bunu bir fakt da təsdiqləyir. Belə ki, atışmanın gücləndiyi bir məqamda Zakir Həsənovun və digər yüksək rütbəli zabitlərimizin əsgərlərimizin yanında olması, Ali Baş Komandanımız, möhtərəm İlham Əliyevin ermənilərin məkrli təbliğatına rəğmən, döyüş bölgəsinə gedərək, məcburi köçkünlərimizin sosial şəraitini yaxşılaşdıran açılışlar etməsi də, Azərbaycanın və onun qüdrətli Ordusunun gücünün təsdiqi və birmənalı nümayişidir».
İrəvan Mühacir Hökuməti bəyanatda onu da qeyd edib ki, cəbhə zonasında
yaranmış gərginlik zəminində belə bir addım atmaq da daha doğru olardı: «Bilirsiniz
ki, ermənilər ötən əsrin əvvəllərindən başlayaraq, azərbaycanlıları mərhələlərlə
tarixi doğma torpaqlarımız olan Qərbi Azərbaycandan deportasiya ediblər. Özündə
4 milyona yaxın Qərbi Azərbaycan kökənli insanları birləşdirən İrəvan Mühacir Hökuməti
olaraq, Azərbaycan prezidentindən və aidiyyatı dövlət qurumlardan təşkilatımızın
Gədəbəyin Başkəndinə köçməsi üçün köməklik göstərməyi xahiş edirik. Hesab edirik
ki, İrəvan Mühacir Hökumətinə Ermənistanla həmsərhəd olan bu kənddə qərargah tikmək
üçün yer ayrılmalı və təşkilat təcili ora köçürülməlidir. Bu, həm beynəlxalq təşkilatların
tarixi torpaqlarımızın da işğal edilməsi faktına, eyni zamanda Ermənistanın deportasiya
siyasətinə, həm yurd-yuvalarından qovulmuş insanlarımız və onların probleminə diqqəti
cəlb etmək, həmçinin, Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların Vətən və torpaq həsrətini «alovlandırmaq»
baxımından da önəmli addım olardı…».