Müsavat Partiyası vətən uğrunda şəhid olan övladlarımızın ailə üzvlərinə, yaxınlarına, eləcə də bütün xalqımıza başsağlığı verərək, yaralıların tez bir zamanda sağalması üçün onlara Allahdan şəfa diləyib. Divanda son günlər cəbhə xəttində baş verən döyüşlər və Azərbaycan ordusunu verdiyi itkilərdən narahatlıq ifadə edilib və bu barədə partiyanın yaydığı bəyanat müsbət qiymətləndirilib.
Müsavat Partiyası eləcə də cəbhə xəttindəki qarşıdurma zamanı həlak olan həbçilərin hüquqlarının müdafiəsi ilə bağlı facebook şəbəkəsində yazısına görə avqustun 2-də polis tərəfindən saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə aparılan AXCP Gənclər Komitəsinin fəalı Ruslan Nəsirlinin və Milliyyətçi Gənclər Təşkilatının (MGT) üzvləri - Arzu Məmmədzadə, Anar İmanov və Turqan Əliyevin həbsinə, avqustun 3-də Fəvvarələr meydanında MGT-nin təşkilatçılığı ilə keçirilən imzatoplama aksiyası zamanı polislər tərəfindən saxlanılan təşkilat üzvləri – Müşfiq Atilla Vəliyev, İsmayıl Camalov, Orxan Eyvazov, Aqşin Aşurovun məhkəməyə aparılmasına etirazını bildirib.
Yığıncaqda Azərbaycan hakimiyyətinin son zamanlar Müsavat Partiyasının fəallarına, vətəndaş hərəkatının təmsilçilərinə, QHT rəhbərlərinə qarşı həyata keçirdiyi repressiyaların daha da gücləndiyi qeyd olunub. Sirac və Fərəc Kərimov qardaşlarının, Leyla Yunusun, Xəqani Məmmədin və Rəsul Cəfərovun həbs olunmasına, Arif Yunus və bir sıra QHT rəhbərlərinə qarşı cinayət işinin qaldırılmasına, Yadigar Sadıqovun qanun pozuntusuna yol verilərək daha ağır şəraitli 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsinə kəskin etiraz bildirilib.
Repressiyalara son qoyulması, bütün siyasi məhbusların dərhal azad edilməsi tələb edilib.
Divanda Bakının "Neftçi” və Gürcüstanın "Çixura” futbol komandalarının görüşü zamanı Gürcüstandan gəlmiş futbol azarkeşlərinin tərkibində bəzi təxribatçıların hərəkətlərinin iki qonşu dövlət arasında ədavətin yaradılmasına yönəldiyi qeyd edilib və pislənilib.
Yığıncaqda Ukraynada davam edən gərginlik bir daha müzakirə edilib. Donetsk və Luqansk bölgələrindəki separatçılara Rusiya tərəfindən edilən hərbi yardımların dayandırılması tələb edilib və beynəlxalq birlik tərəfindən Rusiyanın aqressiv fəaliyyətinə qarşı yekdil mövqenin davam etdirilməsi məqsədəuyğunluğı vurğulanıb.
Sonda cari məsələlərə baxılıb.