İngiltərədə talk minerallı bəzi körpə pudraları marketlərdən yığışdırılıb.
Mia.az-ın məlumatına görə, mütəxəssislər bu maddənin xərçəngə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Talk, hidratlanmış maqnezium silikatdan ibarət bir mineral olaraq bəzi kosmetik məhsullarda istifadə olunur.
Lakin elmi tədqiqatlar göstərib ki, bu maddə yumurtalıq xərçənginin yaranma riskini artıra bilər. Dünya Səhiyyə Təşkilatı (DST) bu ilin iyul ayında talk mineralını kanserogen (xərçəng yaradan) maddə kimi təsdiqləyib.
Mütəxəssislər talk minerallı pudralardan istifadə etməməyi və bunun əvəzinə qarğıdalı nişastasını seçməyi tövsiyə edirlər. Artıq İngiltərədə bir çox kosmetik məhsulun üzərində “talksızdır” ifadəsi yer alır.
İnternet satışlarına diqqət!
Marketlərdə qadağan olunan talk tərkibli pudraların internet üzərindən hələ də satışda olduğu müəyyən edilib. Mütəxəssislər, xüsusilə körpələr üçün təmiz tərkibli məhsulların istifadəsini tövsiyə edirlər.
Talk minerallı məhsullar təkcə körpə pudralarında deyil, eyni zamanda makiyaj vasitələrində də geniş istifadə olunur. Uzun müddət bu tərkibli məhsullardan istifadə xərçəng riskini artıra bilər.
Azərbaycanda talk tərkibli məhsullar hələ də geniş yayılıb. Xüsusilə yerli bazarlarda satılan bəzi ucuz kosmetik vasitələrin və körpə pudralarının tərkibində talkın olması ehtimalı yüksəkdir. İstehlakçıların əksəriyyəti məhsul alarkən onların tərkibini yoxlamır, bu da xərçəng riskini artırır. Həkimlər və mütəxəssislər valideynləri daha diqqətli olmağa çağırır.
Əzizə Hakverdi
MİA.AZ