Turan Partiyasının sədri Cahandar Bayoğlu bir müddət öncə “Reaksiya TV”nin canlı efirində politoloq Cümşüd Nuriyevə mübahisə əsnasında “Qalxaram, bir dənə ilişdirərəm, uçarsan ha” deməsi barədə görüntülərin sosial şəbəkələrdə gündəmə gətirilməsinə münasibət bildirib.
Mia.az xəbər verir ki, Bayoğlu Pravda.az-a açıqlamasında deyib ki, mübahisə barışıqla sonlanıb.
“Əbülfəz Elçibəyə böyük həqarət var idi. Onun siyasi fəaliyyətini kölgəyə salan açıqlamalar vermək, onu aşağılamaq, tarixi saxtalaşdırmaq...
Mən bilirdim ki, Cümşüd Nuriyevin dediklərinin heç biri doğru deyil. İstədim ki, həmin dövrdə baş nazir olmuş Pənah Hüseyn rəsmi sənədlərlə deyilənləri təsdiqləsin. Belə də oldu. Görüşümüz gerçəkləşdi. Cümşüd bəy çalışdı ki, öz mövqeyinin üstündə dursun. Gördü ki, yox, qarşı tərəf hazırlıqlıdır, hər mövzuya cavabı var, Elçibəy haqqında danışılan fikirlərin hamısının saxta və yanlış, qaralama xarakterli olduğu üzə çıxdı. Cümşüd Nuriyevə sərt reaksiyam hamının gözü qarşısında oldu. O, verilişin sonuna yaxın yanlış olduğunu etiraf etdi.
Beləliklə, qaralama kampaniyasının mahiyyəti tamamilə ortaya çıxdı. Buna görə də mövzuya qayıtmadım. Mənim reaksiyam qaralama fikirlərin toplum tərəfindən düzgün anlaşılması üçün bir mübarizə idi. Düşünürəm, düzgün fikrin formalaşmasında kifayət qədər rol oynadım, istədiyimə nail oldum, həqiqət ortaya çıxdı. Belə hadisələr təkcə Cümşüd bəyə deyil, hər kəsə dərs olmalıdır.
Tarixi saxtalaşdırmaq olmaz. Onsuz da zaman keçəcək, araşdırmalarda bu fikirlərin hamısının saxta olduğu üzə çıxacaq. İstəmərəm ki, gələcəkdə hansısa azərbaycanlı millətin töhmətinin altında qalsın. Nuriyev danışıq əsnasında mənə qarşı sərt fikirlər səsləndirdi. Özünü haqlı çıxarmaq cəhdi var idi. Mənim ona dediyim ifadələr polemikanın gedişatında səsləndi. Sosial şəbəkələrdə paylaşılsın...
Təbii ki, bu cür mövzularda səsləndirdiyim ifadələrin və atdığım addımların məsuliyyətini bilirəm. Cümşüd Nuriyevlə olan polemakının gedişatına uyğun hər şey ortaya çıxdı. Verilişin son dəqiqələrində onunla aramızdakı söhbət barışıqla nəticələndi. Onun, yaxud mənim ona qarşı aqressiv davranışım olmadı. Verilişdən sonra da səmimi söhbətlər etdik. Əsas budur, millətimiz aldanmadı, insanlarda yanlış fikir formalaşmadı.
Əbülfəz Elçibəy barədə yanlış fikir formalaşmasının qarşısında durduğuma görə özümü haqlı tərəf hesab edirəm. Cümşüd Nuriyevə göstərdiyim davranış gələcəkdə hər kəsə qarşı ola bilər. İstənilən adam tarixi bu cür saxtalaşdırıb, Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı hücum etsə, məsuliyyət hissi olmadan istənilən fikirləri səsləndirərsə, o adama qarşı da eyni formada reaksiya verəcəyəm”, - o bildirib.
MİA.AZ