Baş Prokuror Kamran Əliyev Rusiyanın Baş prokuroru İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyəli plenar iclasında iştirak etmək üçün Azərbaycanda işgüzar səfərə gələn Rusiyanın Baş Prokuroru İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə Fəxri Xiyabanda Ümummilli lider, Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər.

Daha sonra Kamran Əliyev ilə İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Kamran Əliyev ölkələr arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində uğurla inkişaf etdiyini qeyd edib.

Baş prokuror bildirib ki, iki ölkənin hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası, korrupsiyaya qarşı mübarizə, ekoloji hüquqpozmalar, elm-tədris və təcrübə mübadiləsi və sair məsələlər üzrə qarşılıqlı razılaşmaların olması əlaqələrimizi daha da gücləndirib.

Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs edən Kamran Əliyev qeyd edib ki, iki ölkə hər zaman qlobal və regional problemlərə qarşı müştərək müdafiə immunitetinin formalaşdırılmasında həlledici rol oynayır.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Rusiyanın Baş Prokuroru İqor Krasnov, Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyini etdiyini vurğulayaraq, COP29-un Azərbaycanın sədrliyi ilə keçirilməsinin ölkəyə olan etimadın təzahürü olduğunu qeyd edib.

Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.

Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.