Türkiyədə CHP-li Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) təşkil etdiyi konsertlərlə bağlı istintaq başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABB-nin tanınmış müğənnilərin konsertini təşkil etməklə, onlara milyonlarla lirə ödəniş etməsi birmənalı qarşılanmayıb.

Məlumata görə, Bakıdan səfərdən dönən Prezident Ərdoğanın təyyarədə jurnalistlərə "bu məsılə belə başlı-başına buraxıla bilməz. Xalqın pulunu belə konsertlərə xərcləyənlər hesabını verəcək" sözlərindən sonra Ankara Respublika Prokurorluğu ilə Daxili İşlər Nazirliyi hərəkətə keçib: "Artıq prokurorluğun və nazirliyin göndərdiyi yoxlama heyətləri ABB-də təftişə başlayıb".

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş yoxlama faktını təsdiqləyib. O bildirib ki, əslində, yoxlama noyabrın 11-də başlayıb: "Noyabrın 11-də mətbuata açıqlama verdiyim gün Daxili İşlər Nazirliyi tərəfindən məsələnin araşdırılması üçün 2 mülki müfəttiş göndərilib” 

Mənsur Yavaşın 29 oktyabr Respublika Bayramı münasibəti ilə Ebru Gündeş konsertinə 69 milyon tl (342 min manat) xərclənməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Ebru Gündeş konsertinə cəmi 44 milyon lirə ödənilib: "Candan Erçetinin konserti üçün 80 milyon lirə ödənildiyi ilə bağlı iddialara gəlincə, o konsertdə 8 sənətçi olub və onlara ümumilikdə 94 milyon lirə verilib. Bundan başqa, Gülşen, Murat Boz, Mor və digər konserrlərə görə isə cəmi 78 milyon 500 min TL ödəniş edilib...".

Ləman

MİA.AZ