"Beləliklə, bütün dünyanın böyük intizarla gözlədiyi ABŞ-dakı 5 noyabr seçkilərinin ilkin nəticəsi artıq bəllidir: Donald Tramp ABŞ-ın yeni prezidenti olacaq!".

Bu, təkcə ABŞ respublikaçılarının, Trampın yox, həm də 2020-ci ildə bizim ölkəmiz - Azərbaycan üzərində qurulmuş qeyri-rəsmi "Qarabağ İttifaqı"nın - Putin - Ərdoğan - Əliyev üçlüsünün qələbəsidir! Hər üçü açıq şəkildə Trampı dəstəkləyirdi!

Çünki ABŞ demokratlarının Bayden-Harris administrasiyası son 4 ildə hər üç liderin hakimiyyətdən uzaqlaşdırılması və onların Qərbpərəst şəxslərlə əvəzlənməsi üçün əllərindən gələni etsə də, bunu bacarmamışdı.

İndi bütün dünya Bayden-Harris duetinin timsalında ABŞ qlobalistlərinin özlərinin ağır məğlubiyyətini izləyir!

...Trampın seçilməsi o deməkdir ki, nüvə müharibəsiylə üz-üzə qalmış dünya bu təhlükədən qurtulmaqla, daha əvvəlkitək olmayacaq: ABŞ-ın qlobal liderlik iddiası iflasa uğrayır və 2025-ci ildən dünya yeni geosiyasi tarazlığın qurulmasına gedəcək!

Trampın seçilməsinin ilk nəticəsi isə, böyük ehtimalla, ABŞ demokratlarının uğursuzluğa düçar olduqları Qara dəniz - Xəzər dənizi hövzəsi regionunda görünəcək: Bayden-Harris hökumətinin bu xətdə əsas alətləri olan Zelenski və Paşinyan ya sakitcə onlara təklif edilən "sülh planı"yla razılaşmağa, ya da hakimiyyətdən getməyə məcbur qalacaqlar!

Eyni zamanda, Tramp dönəmində Yaxın Şərqin bitmək bilməyən savaşına - İsrail-Fələstin münaqişəsinin həllində "ikidövlətli həll" modelinin real tətbiqiylə, nəhayət, son veriləcəyinə də böyük ümidlər yaranır.

Yeri gəlmişkən, ABŞ demokratlarının xarici siyasətinin beyni sayılan məşhur strateq Zbiqnev Bjezinski hələ 2012-ci ildə çap olunan "Strateji baxış" adlı kitabında ABŞ üçün qlobal liderliyin başa çatacağı və yeni geosiyasi tarazlığın qurulacağı tarix kimi, məhz 2025-ci ili göstərmişdi...

Deməli, ABŞ "dərin dövlət"i yeni nizama çoxqütblü dünya tərəfdarlarının dəstəklədiyi Trampla getməyə qərar verib və ABŞ-ın öz daxilinə çəkilmək vaxtıdır!

Elxan ŞÜKÜRLÜ

P.S.Yazı müəllifin Feysbuk-0dakı səhifəsindən götürülüb!

MİA.AZ