Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 1 milyard 509 milyon 184 min dollar olan 19 min 904,34 kiloqram qızıl gətirilib.
Açıqlanan rəsmi məlumatlara istinadən aparılmış hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl idxalı 361 dəfə artıb.
Qeyd edək ki, bu ilin ilk 8 ayında ölkəyə gətirilən qızılın bir qramının orta gömrük dəyəri 75,8 dollar (129 manat) olub.
Azərbaycana qızıl əsasən aşağıdakı ölkələrdən gətirilib:
Avstraliya – 11 854,14 kq (bir qramın orta gömrük dəyəri 76,4 dollar);
ABŞ – 3 978,71 kq (75,5 dollar);
Kanada – 2 023,23 kq (74,4 dollar);
İsveçrə – 1 977,76 kq (76,2 dollar).
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, qızıl idxalının kəskin artmasına əsas səbəb Dövlət Neft Fondunun qızıla investisiya etməsidir:
“Bu ilin ilk 9 ayının yekununa olan rəsmi məlumatda göstərilir ki, Neft Fondunun qızıl ehtiyatları bu il 127 tona çatıb. Bu il ərzində Fondun 25 tondan çox qızıl aldığı bildirilir. Qızılın alış qiyməti dünya bazarlarındakı orta satış qiymətinə yaxın olub. Hazırda qızılın 1 qramı dünya bazarında 88 dollara satılsa da, ilin əvvəlində 66 dollara olub”.
İqtisadçı bildirir ki, Azərbaycanın qızıl idxalında problem olmasa da, qızılın ixracı ilə bağlı ciddi problemləri var:
“Məlumdur ki, Azərbaycanın ixracında qızıl əsas yerlərdən birini tutur. Qeyri-neft məhsullarının ixracında qızıl hər zaman ilk sıralarda qərarlaşır. Məsələn, bu ilin ilk 8 ayında xaricə satılan məhsullar arasında qızıl pambıq və pomidordan sonra 3-cü sırada olub. Lakin təəssüf ki, Azərbaycan qızılı xarici ölkələrə emal olunmamış şəkildə – xam qızıl formasında satır. Amma xaricdən alınan qızılın hamısı emal olunmuş olur. Aydın məsələdir ki, xam qızılla emal olunmuş qızılın qiyməti arasında fərq olacaq. Məsələn, bu ilin ilk 8 ayı ərzində Azərbaycan İsveçrəyə 96 milyon dollar dəyərində 2,8 ton emal olunmamış qızıl ixrac edib. Emal olunmamış qızlın bir qramı İsveçrəyə 36 dollardan satılıb. Eyni dövrdə İsveçrədən aldığımız təxminən 2 ton emal olunan qızılın bir qramına isə 76 dollar ödəmişik.
Göründüyü kimi, qızılın ölkə daxilində emal olunmaması səbəbindən 8 ay ərzində təkcə İsveçrəyə 50-60 milyon dollar vəsait gedib. Bunun qarşısını almağın yolu isə odur ki, Azərbaycan xam qızılın ixracını dayandırmalı və qızıl ölkə daxilində emal olunmalıdır”.
Göründüyü kimi, Azərbaycan dövləti olaraq qızılı xaricə 36 dollara satıb, 76 dollara geri alırıq...
Yəni qızılın emal prosesini özümüp həyata keçirmədiyimizdən ciddi pul itkisinə - SƏRVƏT İTKİSİNƏ yol veririk. Apardığımız araşdırmalardan aydın olur ki, əslində burada itirən təkcə Azərbaycan dövlətidir. Amma yetərincə məmurlar, işbazlarımız var ki, bütün bu prosesdən külli miqdarda qazanc əldə edirlər və buna görə də onlar hansısa emal prosesində maraqlı deyillər və onları Azərbaycan dövlətini itirdikləri heç ilgiləndirmir.
Məlumdur ki, Azərbaycan ərazisində "AzerGold” QSC qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Yəni bizdə bu sahə "AzerGold” QSC-nin RƏSMİ İNHİSARINA VERİLİB.
Bu qurumun başında isə Zakir İbrahimov adlı birisi dayanır. Bu o şəxsdir ki, adı dəfələrlə müxtəlif qanunsuzluqlarda, saxta tender hoqqabazlıqlarında hallanıb. İş o həddədir ki, Zakir İbrahimov hətta büdcə pullarını öz oğlu - Zaur İbrahimin adına olan şirkətlər hesabına mənimsəməkdən belə çəkinmir(Dia.az.site)