Rusiya ilə danışıqlar aparmaq üçün bu danışıqların aparılması qaydaları razılaşdırılmalıdır.
Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
O qeyd edib ki, Rusiya danışıqlara hazır olduğunu bəyan edir, lakin ultimativ formada ərazilərin böyük hissəsini istəyir, xarici və daxili siyasəti həyata keçirmək üçün subyektiv hüquqdan imtina etməyi tələb edir.
“Belə bir halda danışıqlar üçün zəmin yoxdur”, - o deyib.
Podolyak hesab edir ki, real danışıqların aparılması üçün cəbhə xəttinə, Rusiya ərazisinə, hərbi obyektlərə, logistik infrastruktura daha çox zərbələr endirilməlidir, müvafiq olaraq müharibənin Rusiya ərazisinə keçirilməsi lazımdır:
“Bu ölkəyə qarşı sanksiyalar daha sərt olmalı, Avropa şirkətləri Rusiya bazarından çıxmalı, rəsmi Moskvaya sanksiyalardan yan keçməyə imkan verən ölkələr, o cümlədən keçmiş sovet ölkələri, həmçinin Rusiya üçün vasitəçi kimi ticarət dövriyyəsində iştirak edən Mərkəzi Asiya ölkələri də müəyyən hüquqi sanksiyalara məruz qalmalıdırlar. O zaman təbii ki, vəziyyət fərqli olacaq”./Report