Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) “Təbiətdə tarazlıq” sərgisi təqdim olunur.

Mia.az xəbər verir ki, noyabrın 1-də baş tutmuş sərginin açılışında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, sərginin müəllifi Lorenso Kuinn və digər rəsmilər iştirak ediblər.

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunan sərginin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir. Belə ki, “Təbiətdə tarazlıq” (“Equilibrium in Nature”) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldir

Sərginin açılışında çıxış edən "365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele tədbirin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. O qeyd edib ki, Lorenso Kuinn öz əsərlərində eşqə, məhəbbətə, planetimizə olan vurğunluq hisslərini əsas tutur:

"Bu baxımdan müəllifin qeyri-adi bacarıqlarını özündə əks etdirən fikirləri məhz onun incəsənət əsərlərində hiss olunur".

Sərginin müəllifi Lorenso Kuinn Bakının çox gözəl şəhər olduğunu vurğulayıb.

"Biz Yer kürəsini sevməliyik. Necə ki, ana övladına o cür yanaşır, biz də elə yanaşmalıyıq. Yer kürəsinə hörmət etməliyik, necə ki, öz anamıza hörmət edirik. Bizim yaşamaq üçün başqa məkanımız yoxdur. Bunu mütləq nəzərə almalıyıq. Çünki başqa yolumuz yoxdur”, - deyə müəllif diqqətə çatdırıb.

Sərginin açılışı ilk olaraq “Sevgi birliyi” əsərinə baxışla baş tutub. Həmin kompozisiya dünyaya qarşılıqlı sevgi və dəstək çağırışıdır.

Eksponatlar arasındakı “Tanrının əli” (Hand of God) heykəltaraşlıq nümunəsi müəllifin şedevrlərindən hesab olunur. Əsərdə bükülmüş halda olan adam yorğun şəkildə qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir əlin ovucunun içərisində oturur. Lorenso bu əsərini oğluna həsr etdiyini bildirib:

“Tanrının əli” ziyarətçilərin diqqətini uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan mənim digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl sevgi, nifrət, yaratmaq hissi və məhv etmək gücünü təsvir edir".

“Balanslaşdırılmış dünya” (A Balanced World) əsəri də müəllifin həssas bir ideyasının daşıyıcısıdır. Eksponat “bəzən dünyalarımız bir-birinə əks qütblərdə görünsə də, mən həyatımda yalnız səninlə mükəmməl tarazlıqdayam” söyləyir.

Qeyd edək ki, Lorenso Kuinnin əsərləri 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim ediləcək. Sərgidə ziyarətçilər italiyalı heykəltaraşın “Balanslaşdırılmış dünya” (Balanced World), “Təbiətin gücü” (Force of Nature), “Tanrının əli” (Hand of God), “Bəxş et və al” (Give and Take) və “Birlikdə” (Together) əsərləri ilə Mərkəzin park ərazisində, “Eros”, “Paralel dünya” (Pharalel Universe), “Özünü sev” (Love Yourself) və müəllifin digər əsərləri ilə Mərkəzin foyesində tanış ola biləcək. Sərgidə ümumilikdə müəllifin 15 incəsənət nümunəsi təqdim edilir.